Kikboksinq üzrə XXVI Azərbaycan çempionatı keçiriləcək. 20-22 may tarixlərində kişi və qadınlar arasında keçiriləcək yarış pandemiya səbəbindən iki illik aradan sonra təşkil olunacaq.

XXVI Azərbaycan çempionatında ilk dəfə kikboksinqin “Full Contact” növü üzrə mübarizə gedəcək. Buna səbəb avqustda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında bu növ üzrə yarışın salınmasıdır.

Beləliklə, XXVI Azərbaycan çempionatı “Low Kick” və “Full Contact” növü üzrə keçiriləcək. Kişilərdə hər iki növ üzrə 12 çəki (-51, -54, -57, -60, -63,5, -67, -71, -75, -81, -86, -91, +91 kq), qadınlarda 5 çəki dərəcəsində (-48, -52, -56, -60, -65 kq) mübarizə reallaşacaq.

Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək yarışda ilkin mərhələyə sabah saat 09:00-dan etibarən start veriləcək. Saat 14:00-da isə yarışın təntənəli açılış mərasimi təşkil olunacaq.

Qeyd edək ki, bu yarışın qalibləri İslamiadada Azərbaycanı təmsil etmək hüququ əldə edəcək.