“Liverpul”un baş məşqçisi Yurgen Klopp futboldakı sıx təqvimdən növbəti dəfə narazılığını bildirib.

 

Rekord.az “The Guardian”a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis FİFA, UEFA və İngiltərə Futbol Assosiasiyasını tənqid edib.

 

“İnsanlar deyəcək ki, bu qədər çox pul qazansa da, mən yenə gileylənirəm. Amma oyuna aidiyyatı olan hər kəs təsdiq edə bilər ki, tələblər həddən artıq yüksəkdir.

FA Liqa kubokunun, EFL İngiltərə kubokunun işinə qarışır. Heç kim isə oturub müzakirə aparmaq istəmir. Bundan başqa UEFA Millətlər Liqası yarışı yaradır. Bu, onsuz da gərgin qrafikdə olan futbolçular üçün əlavə yükdür. Sonra da biz təəccüblənirik ki, niyə dünyanın ən yaxşı oyunçuları yüksək səviyyədə uzun müddət çıxış edə bilmirlər. Yaxud da onlar ciddi zədə alırlar. İnsanlar deyir ki, geniş heyətimiz olmalıdır. Amma futbol belə heyətlər üçün nəzərdə tutulmayıb.

Hazırda futboluların sayı ilə matç sayı arasında disbalans var. Əgər sən milli komandanın futbolçususansa və bütün böyük beynəlxalq turnirlərdə oynayırsansa, sənin ildə cəmi 2 həftə istirahət etmək imkanın var. Bu, faktdır.

Manenin, Salahın, Hendersonun ildə 2 həftə istirahətə vaxtı olur. Bununla yanaşı üzərimizdə təzyiqlər var. Biz axı deyə bilmərik ki, hansısa oyun vacib deyil”.

Klopp beynəlxalq futbol qurumlarının ünvanına ittihamlar səsləndirib: “Vəziyyətdən çıxış yolu tapmaq olar. Amma hələ o gün gəlib çatmayıb ki, FİFA, UEFA, İPL, EFL və digər insanlar öz ciblərini yox, futbolçular haqda düşünsün”.