Klublararası dünya çempionatı: İlk finalçı bəlli oldu
- 18 Dek 2019 11:20
- 801
Futbol üzrə klublararası dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, artıq turnirin ilk finalçısı bəllidi.
Belə ki, ilk yarımfinal matçında Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası KONMEBOL-da çempion olmuş “Flamenqo”yla (Braziliya) qarşılaşıb. Braziliyalılar bu görüşdə 3:1 hesabıyla qalib gələrək finalda oynamaq hüququ qazanıblar.
Ötən gün həm də Qətərin “Əl Sədd” klubu ilə “Esperans” (Tunis) 5-ci yer uğrunda üz-üzə gəlib. 6:2 hesabıyla qalib gələn tunislilər mundialda 5-ci yeri tutublar.
Digər yarımfinal görüşü bu gün - dekabrın 18-də UEFA Çempionlar Liqasının qalibi “Liverpul” (İngiltərə) ilə “Monterrey” (Meksika) arasında baş tutacaq.
Klublararası DÇ dekabrın 21-nə qədər davam edəcək. Turnirin həlledici görüşü Qətərin paytaxtı Dohada yerləşən “Education City” stadionunda baş tutacaq. Final görüşü ilə yanaşı, 3-cü yer uğrunda oyun da məhz “Education City” stadionunda keçiriləcək.