“Klublarımızda idarəçilikdə böyük problemlər var” - Ayxan Abbasov
- 31 Avq 2024 20:49
- 167
“Nəhayət ki, Şamaxıda oynaya bildik. İstəmirdik ki, bu gün uduzaq. Gözlədiyimdən də dinamik oyun keçdi. Hər iki komanda oyunun tempini yüksək tutdu".
Rekord.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 5-ci turunda bu gün evdə "Neftçi" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, qolsuz başa çatan matçı belə şərh edib: "Bilirdik ki, hər iki komanda qalib gəlmək istəyir, “Neftçi” yuxarı pillədən qopmamaq üçün bu oyuna qələbə üçün çıxacaq. Oyun baxımından komandadan çox razı qaldım. Düzdür, sonlarda yorulduq, amma bu gün qələbəyə layiq idik. Son nöqtəni qoymaq alınmadı. Buna da vaxt lazımdır. Real baxsaq, bir ayda buna nail olmuşuqsa, oynadığımız komandaların hamısı ilk turlardan iddialı idi. Şükürlər olsun ki, istədiyimiz xalı yığmışıq. Komanda o təzyiqdə deyil. Amma sona qədər mübarizə gedəcək, özü də gərgin. Milli komandanın oyunları ilə bağlı fasilədən səmərəli istifadə etmək istəyirik ki, futbolçular performanslarını daha da yaxşılaşdırsınlar. “Neftçi”yə də uğurlar”.
A.Abbasov “Şamaxı”nın məqsədinin Premyer Liqada qalmaq olduğunu da deyib: "Mövsümdən əvvəl futbol mediası, mütəxəssislər müzakirələr aparırlar, çempionluqda “Qarabağ”a rəqib olmadığını deyirik. “Zirə”, “Sabah”, “Neftçi” böyük klub olduğuna və həmişə yüksək yerlər üçün oynadığına görə, deyirik ki, “Qarabağ”a rəqib ola bilər. Amma digər komandalar var ki, büdcəsi imkan verir ki, avrokuboklara cəhd etsinlər. Onlar da böyük transferlər ediblər. Yaxşı başlayanlar da var. Bizim kimi komandaların məqsədi mübarizə aparmaqdır. Klub olaraq böyümək üçün Premyer Liqada qalmalısan. Qalmırsansa, bütün planların alt-üst olacaq. Öncə yüksək liqada qalmaq istəyirik, sonra vəziyyətə baxacağıq. Ötən mövsüm liqadan əvvəl, statistika alt-üst oldu, “Qəbələ” Premyer Liqadan düşdü. Hər şey büdcə, hər şey böyük klub olmaq deyil. Çempionatımız sürprizləri sevir. Sona qədər vuruşacağıq. Məqsədimiz vuruşmaqdır".
“Sabah”, “Zirə” və “Neftçi”dən xallar almağı bacardız. “Turan Tovuz”da olanda da, bunu edə bilmişdiz. Bu nəticələr sizinlə bağlıdır, yoxsa futbolçular iddialı rəqiblərə qarşı xüsusi hazırlaşır?" sualını isə baş məşqçi belə cavablandırıb: "Bizdə yerli məşqçilərin işinə o qədər də qiymət vermirlər. Yəqin ki, burada xarici mütəxəssis olsaydı, başqa cür deyilərdi. Bu gün burada, başqa klubda gördüyümüz iş asan deyil. Kənardan kimsə qəbul etmir. Amma bu gün tək özümü aid etmirəm, Premyer Liqada yerli məşqçilər iş görür, əziyyət çəkir. Lazım olan dəstək yoxdur. Klublarımızda idarəçilikdə böyük problemlər var. Bizdə məşqçi, futbolçu var, idarəçilər azdır. Ona görə görülən işi bir gündə unuduruq. Premyer Liqadan düşə də bilərik. Rəhbərliyə söz vermişəm. Birinci liqadan gələn komandaya tez bir zamanda legioner gətirmək, komanda qurmaq kənardan asan görünə bilər. Amma belə deyil. Tək mən yox, məşqçilər, mənə inanan rəhbərliyin əməyi var. Məşqçi rəhbərlikdən asılıdır. Rəhbərlik inansa, məşqçi işləyəcək. İnanmasa, orada nəticə olmayacaq".