“Kolleksiyamı tamamladım” - Hidayət Heydərov
- 29 İyl 2024 22:01
- 318
“Kolleksiyamı tamamladım. 4 illik Olimpiya yolunda bütün maneələri aradan götürdüm. Yəqin ki, mənim haqqımda pis danışmazlar (gülür). İnşallah, qarşıdan 2028-ci il Yay Olimpiya Oyunları gəlir. Orada da əlimdən gələni edəcəyəm”.
Rekord.az xəbər verir ki, bu sözləri Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris-2024-də 73 kq çəki dərəcəsində Olimpiya çempionu olmasından dərhal sonra İTV-yə müsahibəsində deyib.
Finalda fransalı Gaba Benjaminlə qarşılaşan və rəqibinə əlavə vaxtda qalib gələn cüdoçumuz onu dəstəkləyən hər kəsə təşəkkür edib: “Yarımfinala vəsiqə qazananda da, finala vəsiqə qazananda da sosial şəbəkələrdəki bütün şərhləri oxudum. Hamıya “çox sağ ol” deyirəm. 2-3 nəfər yaxınım burada idi. Ailəm də məni Bakıdan izləyirdi. Onları öpürəm. Biz qalib xalqın övladlarıyıq. Yaşasın Azərbaycan!
O, məhz Fransada fransalı rəqibi məğlub etməsinin əhəmiyyətinə də toxunub: “Fransız azarkeşlər qışqırırdılar, mən də qışqırırdım, rəqibi elə qorxudurdum. Fransada himnimizi səsləndirəcəyəm. Bir dəfə Monpelye şəhərində Avropa çempionu olmuşam. Bir dəfə elə himnimizi səsləndirmişdim. Xalqımız çox gözəl şərhlər yazmışdı. Bilirlər ki, nə mənada deyirəm. İnşallah, fransız xalqı yenə Azərbaycan himninə ayaq üstə qulaq asacaq”.