“Komandalarımız Avropa çempionatında qızıl medallara ən real namizəddir”
- 25 İyn 2024 19:20
- 245
“Komandalarımız Avropa çempionatında qızıl medallara ən real namizəddir”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycanın 16 və 18 yaşadək qızlardan ibarət basketbol millilərinin baş məşqçisi Evren Alkaya Bakıdakı toplanışla bağlı fikirlərini bildirərkən deyib.
Mütəxəssis Avropa çempionatının qızıl medallarını Azərbaycana gətirəcəklərinə ümid etdiyini söyləyib: “Mayın 20-dən etibarən çalışmalarımızı sürətləndirdik. Avropa çempionatına hazırlıq üçün gündə iki dəfə məşqlər etdik. Azərbaycanın oğlanlardan ibarət basketbol komandalarına qarşı oyunlar keçirdik və uğurlu nəticələr qazandıq. U-16 və U-18 komandalarının toplanışı uğurlu keçdi. Azərbaycandakı toplanış bitdi. Ümid edirəm ki, qızıl medalları Azərbaycana gətirəcəyik”.
O, hazırlıqların növbəti mərhələsi haqda da danışıb: “İyunun 26-da U-18 komandamız Kiprə yollanacaq. 7 günlük toplanışdan sonra Türkiyəyə keçib Avropa çempionatı öncəsi son hazırlıqlarımızı keçəcəyik. Plan üzrə getsək, böyük ehtimalla yaxşı basketbol göstərəcəyik. Ümid edirəm ki, bizə verilən dəstəyə layiq nəticə göstərəcəyik”.