“Komandamı yarıda qoyub qaçmaq fikrində deyiləm” – Abasov
- 25 Avq 2024 21:06
- 148
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Sabah”la qarşılaşmadakı məğlubiyyəti (1:3) şərh edib.
Rekord.az xəbər verir ki, o, matçdan sonrakı mətbuat konfransında bunları deyib:
“Əsas oyun deyil, ümumi situasiya haqda danışmaq istəyirəm. Futbolçuların fiziki durumunu şərh etmək istəyirəm. Oyunçularda bir az yorğunluq var. Son bir neçə oyunumuz qalıb. Onları da oynayıb, dincəlib və daha fərqli şəkildə oynamaq lazımdır. Hazırda bərpa olub oyuna çıxa bilmirik. Liqanın əvvəlidir. Bu oyun haqda danışmaq istəmirəm. Növbəti oyunlara yönəlməliyik.
Avrokuboklarda ilk ələnən komanda kimi futbolçularda bunun üzüntüsü və kədəri var. Biz bu günə qədər çox top itirməyən, top saxlayan komanda kimi tanınırdıqsa, bu dəfə fərqli oldu. Oyunçularla da danışdım. Biz top itirməsəydik, qələbə qazana bilərdik. Oyunçuları da anlamağa çalışırıq. Növbəti oyunlara yönəlməliyik. Hesabı qoruyub saxlaya bilməməyimizin əsas səbəbi yorğunluq idi. Hesabı saxlamaq ehtimalı artıq “Sabah”ın oyununda görünürdü. Hər an qol vura bilərdi. Düşünürəm ki, biz fiziki hazırlıq baxımından rəqibə uduzduq. Biz bunu qəbul etməliyik. Çempionat yeni başlayır. Çalışacağıq ki, qələbə qazanaq və buralarda qala bilək.
Motivasiyamız ola bilər ki, həm futbolçularda, həm bizdə dəyişib. Lakin “Sumqayıt”a rəhbərlik etdiyim üçün əsla peşman deyiləm. Komandamı yarıda qoyub qaçmaq fikrində deyiləm”.