“Komandamız sona qədər qorxmadan mübarizə apardı” – Siyasət Əsgərov
- 25 Okt 2024 19:40
- 110
Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsi çərçivəsində “Liv Bona Dea Arena”da Portuqaliya yığması ilə keçirilən oyundan (1:4) sonra fikirlərini bildirib:
Rekord.az xəbər verir ki, o, komandasının məğlubiyyətinə belə şərh verib:
“Rəqibin gücü bəlli idi. Doğma azarkeşlərimiz önündə sərfəli nəticə qazanmağa çalışdıq. Lakin Portuqaliya yığması bizi səhvlərə məcbur edirdi. Düşünürəm ki, ikinci hissəyə daha yaxşı başladıq, qol da vurduq. Ondan sonra qızlarda tələskənlik yarandı, ikinci qolu vurmağa can atdılar. Ancaq səhvlərə yol verdik və dördüncü qolu buraxdıq. Nəticə bizi məyus etdi. Yenə də komandamız sona qədər qorxmadan mübarizə apardı”.
Baş məşqçi cavab oyunu barədə də fikirlərini bölüşüb: “Bugünkü matçı komanda olaraq müzakirə edəcək, səhvlərimizi düzəltməyə çalışacağıq. Bu gün hesab ürəkaçan olmadı. Portuqaliyaya minimum heç-heçə üçün yollanacağıq”.
Millimiz oktyabrın 29-da Vizelada cavab matçına çıxacaq.