
“Komandanın içində olan problemlər qəbrə qədər bizimlə qalacaq” - Azər Bağırov
- 30 Mar 2025 18:48
- 95
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 28-ci turunda “Səbail”lə qarşılaşıb.
Rekord.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan matçdan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. Bağırov iki fərqli hissə oynadıqlarını bildirib:
“Mənə elə gəlir ki, iki fərqli hissə oynadıq. Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə də əks-hücumlara çıxırdıq. Yenə də heç nədən, standart vəziyyətdən qol buraxdıq. Buna görə məyus oldum. Hücuma çıxırdıq, əks-hücumlarımız oldu.
Həmişə turnir cədvəlində özümüzə yaxın olan komandalarla oyunlar gərgin keçir. Çünki istər “Neftçi”, istər “Qarabağ”, “Sabah” olsun, bu komandalarla qarşılaşanda oyunçular meydana daha rahat çıxır. Belə oyunlarda isə gərginlik artır, qələbəni daha çox istəyirlər. Belə olan halda da səhvlər buraxırıq, heç nədən qapımızda qol görürük. Düşünürəm ki, bu, sırf psixoloji məsələdir.
Əslində, komanda daxilində olan problemlərdən danışmaq olmaz. Mənim bununla bağlı futbolçulara bir siqnalım var idi, onu da verdim. Komandanın içində olan problemlər bizimlə qəbrə qədər qalacaq. Hazırda heç bir problem yoxdur. Sadəcə, oyun baxımından nəsə çatışmır. Vaxt qısaldıqca futbolçular daha məsuliyyətli olmalıdır. Səkkiz tur qalıb və Gəncədə futbol qalmalıdır. Gəncə futbola davam etməlidir”.