Serbiya polisinin Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunun futbolçusu Aleksandar Priyoviçi həbs etdiyini xəbər vermişdik.

Rekord.az xəbər verir ki, buna 29 yaşlı hücumçunun öz ölkəsində tətbiq olunan komendant saatını pozması səbəb olub.

O, yerli vaxtla saat 17:00-dan sonra Belqraddakı otellərdən birindəki restoranda beş nəfərlə spirtli içki qəbul etdiyi üçün polis tərəfindən saxlanılmışdı. Artıq hücumçu səhvini etiraf edib. Serbiyada komendant saatını pozanlara 3 ilə qədər qədər həbs cəzası verilsə də, Priyoviç canını 3 aylıq ev həbsi ilə qurtarıb.

Qeyd edək ki, Serbiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün komendant saatı tətbiq edib. İnsanlar axşam 17:00-dan səhər 5:00-a kimi evlərindən çıxmır. Ölkəyə giriş-çıxış tam dayandırılıb, parlament seçkiləri təxirə salınıb, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunub.