Koronavirus DÇ-2022-yə də əngəl olmağa başladı
- 18 Apr 2020 13:20
- 636
2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatı üçün obyektlərin hazırlığında iştirak edənlərdən 8 nəfəri koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə mundialın təşkilat komitəsi məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, yoluxanlardan 2-si podratçı, qalanları isə fəhlə kimi çalışanlardı. Onların hamısı xüsusi tibb müəssisəsində izolyasiya olunublar və həkim nəzarəti altındadılar. Xəstələr pulsuz dərmanla təmin olunur və Qətər hökumətinin siyasətinə uyğun olaraq maaş alırlar.
Təşkilatçılar işçilərin vəziyyətini diqqətlə izlədiklərini də vurğulayıblar. 55 yaşdan yuxarı insanlar və xroniki xəstəliyi olanlar əmək haqları saxlanılmaqla işdən müvəqqəti azad ediliblər. Qalan əməkdaşların sutkada iki dəfə temperaturları ölçülür. Bütün obyektlər maska və antiseptik vasitələrlə təmin olunub. Koronavirus şübhəsi olanların izolə edilmələri üçün kifayət qədər yerin olduğu bildirilir.
Qeyd edək ki, DÇ-2022 21 noyabr-18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək.