Koronavirusun əngəl olduğu mühüm idman yarışları SİYAHI
- 01 Mar 2020 12:00
- 676
Dünyanı qorxuya salan koronavirusun (COVID-19) yayılması idman aləminə də təsirsiz ötüşməyib.
Rekord.az indiyədək dünya idman aləmində koronavirusun əngəl olduğu mühüm yarışları təqdim edir.
Kamandan oxatma
Çinin Şanxay şəhərində (4-10 may) keçirilməli olan Dünya Kubokunun ikinci mərhələsi ləğv edilib.
Atletika
Qapalı məkanda Çinin Nançin şəhərində (13-15 mart) keçirilməli olan dünya çempionatı 2021-ci ilin martına təxirə salınıb.
Qapalı məkanda Çinin Xancou şəhərində (12-13 fevral) keçirilməli olan Asiya çempionatı ləğv edilib.
Avtoyarış
Çinin Şanxay şəhərində (19 aprel) keçirilməli olan Formula-1 Qran-Prisi təxirə salınıb. Yarışın yeni vaxtı hələ müəyyənləşdirilməyib.
Badminton
Filippinin paytaxtı Manilada (11-16 fevral) keçirilmiş komandalararası Asiya çempionatında Çin və Honkonqun kişi və qadınlar, eləcə də Hindistanın qadınlar komandası yarışdan çəkilib.
Beyzbol
Yaponiya Peşəkar Beyzbol Liqasında 26 fevral-15 mart tarixlərində keçirilməli olan mövsüm öncəsi bütün oyunlar azarkeşsiz olacaq.
Basketbol
Qadınların Olimpiya təsnifat turniri (6-9 fevral) Çinin Foşan şəhərindən Serbiyanın paytaxtı Belqrada keçirilib.
Biatlon
Çinin Canqciakou şəhərində Olimpiya test yarışı (27 fevral-2 mart) ləğv olunub.
Boks
Asiya-Okeaniya Olimpiya təsnifat turniri Çinin Uxan şəhərindən (3-11 mart) İordaniyanın paytaxtı Ammana verilib.
İdman dırmanması
Çinin Vucian (18-19 aprel) və Çonçin (22 aprel) şəhərlərində keçirilməli olan Dünya Kuboku yarışları ləğv olunub.
Atçılıq
Honkonqdakı (14-16 fevral) Masters Seriya turniri ləğv olunub.
Otüstü hokkey
Hokkey Pro Liqasında Çinin Belçika (8-9 fevral) və Avstraliya ilə (14-15 mart) matçları təxirə salınıb.
Qolf
Sinqapurda keçirilməli olan qadınların dünya çempionatı (27 fevral-1 mart) ləğv olunub.
Gimnastika
Avstraliyanın Melburn şəhərində keçirilmiş (20-23 fevral) idman gimnastikası üzrə Dünya Kubokunda Çin komandası iştirak etməyib.
Həndbol
Monteneqroda keçirilən qadınların Olimpiya təsnifat turnirində (20-22 mart) Çin komandası geri çəkilib. Honkonq komandası isə iştirak etmək dəvətindən imtina edib.
At qaçışı yarışı
Yaponiya At Yarışı Assosiasiyası 27 fevraldan bütün yarışların azarkeşsiz keçirilməsinə qərar verib.
Buzüstü hokkey
Çinin Yüksək Hokkey Liqasının klubları ev oyunlarını Rusiyada keçirməyə başlayıb.
Cüdo
Parisdəki (8-9 fevral) və Düsseldorfdakı (21-23 fevral) Böyük Dəbilqə turnirlərində Çin idmançıları iştirak etməyib.
Müasir pentatlon
Çinin Siamen şəhərində keçirilməli olan (25-31 may) dünya çempionatı Meksikanın Kankun şəhərinə salınıb.
Reqbi
İtaliyanın kişi və qadın komandalarının oyunları təxirə salınıb, Honkonqdakı qadınların dünya çempionatı 14-22 martdan 8-16 may tarixinə keçirilib.
Yelkən idmanı
Martda Çində keçirilməli olan Asiya çempionatının oyunları apreldə İtaliyanın Cenoa şəhərinə salınıb.
Xizəksürmə
Çinin Yençin şəhərindəki dağ xizəyi üzrə Dünya Kuboku (15-16 fevral) ləğv olunub.
Futbol
Asiya Çempionlar Liqasının Çin və İran klublarının iştirakı ilə keçirilən matçları təxirə salınıb. Cənubi Koreya komandalarının matçları azarkeşsiz keçiriləcək.
Avropa Liqasında İtaliyanın Milan şəhərində (27 fevral) “İnter” – “Ludoqorets” matçı bağlı qapılar arxasında keçirilib.
Dünya çempionatının seçmə mərhələsinin Çin – Maldiv adaları (26 mart) və Çin – Quam (31 mart) görüşləri Tailandın Buriram şəhərinə salınıb. Bu oyunlara azarkeşlərin gəlməsinə qadağa qoyulub.
Fevralın sonları başlamalı Çin və Cənubi Koreya çempionatlarının startı təxirə salınıb.
İran çempionatı fevralın 24-dən azarkeşsiz keçirilir.
25 fevral-15 mart tarixlərindəki Yaponiya çempionatının oyunları təxirə salınıb.
Türkmənistanın paytaxtı Aşqabadda keçirilməli olan futzal üzrə Asiya çempionatı (26 fevral-8 mart) təxirə salınıb.
Sürətli konkisürmə
Cənubi Koreyanın paytaxtı Seuldakı dünya çempionatı (13-15 mart) ləğv olunub.
Üzgüçülük
Qazaxıstanın paytaxtı Nur-Sultandakı su polosu üzrə Asiya çempionatı (12-16 fevral) ləğv olunub.
Stolüstü tennis
Cənubi Koreyanın Busan şəhərindəki komandalararası dünya çempionatı 22-29 maydan 21-28 iyun tarixlərinə keçirilib.
Taekvondo
Çinin Usi şəhərində keçirilməli olan (10-11 aprel) Asiya Olimpiya təsnifat turniri İordaniyanın paytaxtı Ammana salınıb.
Tennis
Deyvis Kubokunda (6-7 mart) Çinə Rumıniya ilə görüşdə texniki məğlubiyyət verilib.
Triatlon
Çinin Çandu şəhərindəki Dünya Kuboku (10 may) təxirə salınıb.
Voleybol
Çinin Yancou şəhərindəki çimərlik voleybolu üzrə Dünya Kuboku (22-26 aprel) təxirə salınıb.
Ağırlıqqaldırma
Asiya çempionatı (18-25 aprel) Qazaxıstanın paytaxtı Nur-Sultandan Özbəkistanın paytaxtı Daşkəndə keçirilib.
Güləş
Hindistanın Yeni Dehli şəhərində keçirilmiş (20-23) fevral Asiya çempionatında Çin, Şimali Koreya və Türkmənistan komandaları iştirak etməyib.
Çinin Sian şəhərində keçirilməli (27-29 mart) olan Asiya Olimpiya təsnifat turniri Qırğızıstanın paytaxtı Bişkekə salınsa da, dünən bu ölkə də Ümumdünya Güləş Birliyinə müraciət edərək təşkilatçılıqdan imtina edib.