Kubalı hücumçunu təhqir edən rus məşqçi 2 ilədək diskvalifikasiya edilib
- 21 May 2022 20:57
- 509
Ümumrusiya Voleybol Federasiyasının (ÜVF) intizam komissiyası qadınlardan ibarət "Lokomotiv" klubunun baş məşqçisi Andrey Voronkovun işinə baxıb. "Rekord.az" xəbər verir ki, Voronkov ölkə çempionatının finalında "Uraloçka" klubunun kubalı voleybolçusu Ailama Cese Montalvoya qarşı irqçi çıxışı ilə gündəmə gəlib.
Qurumun qərarı ilə təcrübəli mütəxəssis iki ilə qədər oyunlardan diskvalifikasiya edilib. Diskvalifikasiyanın yekun müddəti daha sonra elan ediləcək.
ÜVF-nın iclasda yaydığı bəyanatda bildirilir: "İntizam komissiyası Andrey Voronkova qarşı iki ilədək müddətə oyunlardan kənarlaşdırılmaqla sanksiya tətbiq etməyi məqsədəuyğun saydı. Geniş ictimai etirazla əlaqədar olaraq, diskvalifikasiyanın konkret müddəti və şərtləri ilə bağlı məsələyə ÜVF İcraiyyə Komitəsinin növbəti iclasında baxılacaq".
Xatırladaq ki, mayın 12-də keçirilən Rusiya birinciliyinin finalında Voronkov danladığı oyunçuya "Niyə yenə o meymunu tutursan?" sualını verib. Bu ifadə isə canlı yayıma düşüb. Onun bu sözləri geniş etirazlara səbəb olsa da, mütəxəssis kubalı voleybolçudan üzr istəməyib.