
“Kubok mənim üçün vacib deyil” - Bedri Meriç
- 09 Mar 2025 16:00
- 65
"Rəqibi daha əvvəl 3 dəfə məğlub etsək də, bu dəfə bizə qarşı ən yaxşı oyunlarını keçirdilər. Çətinlik çəkməyimizin əsas səbəbi hücum performansı ilə bağlıdır".
Rekord.az xəbər verir ki, bunu "Şəki"nin basketbol klubunun baş məşqçisi Bedri Meriç mətbuat xidmətinə açıqlamasında deyib.
O, Azərbaycan Basketbol Liqasının 17-ci turunda "Quba" üzərində qazanılan 66:63 hesablı qələbəni şərh edib:
"Müdafiədən nə qədər razı qalsam da, hücumumuz bərbad idi. Faul atışlarımızın 40%-dən, 3-lük atışlarımızın 20%-dən istifadə edə bildik. Biz bu gün müdafiənin hesabına qalib gəldik. Tomi Lyuk bu dəfə xal qazanmadı? Ötən dəfə dediyim kimi, ona bir az vaxt lazımdır. Bu, 2 həftə çəkəcək. Bugünkü matç çətin keçdiyi üçün az şans əldə etdi. Ancaq NTD ilə Kubok matçında daha çox şans qazanacaq. Bir gün Şəkidə qalıb, yenidən Bakıya qayıdacağıq. Açıq danışsam, Kubok mənim üçün vacib deyil. Ona görə də NTD ilə matçdan sonra çempionatda oynayacağımız "Sumqayıt"la qarşılaşmanı daha ciddiyə alıram. NTD ilə matça oyunçuların formada qalması və əylənmək baxımından çıxacağıq. Çünki qalib gəlsək belə, növbəti rəqibimiz "Sabah" və ya "Neftçi" olacaq. Ona gərə də Kubok matçına daha çox məşq gözü ilə baxırıq".