La Liqa nə vaxt bərpa olunacaq? - Prezident açıqladı
- 08 Apr 2020 11:23
- 691
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə İspaniya La Liqası may ayının sonunda davam etdirilə bilər.
Rekord.az xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas açıqlama verib.
O, turnirin bərpası üçün ən çox müzakirə etdikləri tarixləri açıqlayıb. Tebas 28 may və 6 iyunu nəzərdən keçirdiklərini söyləyib:
“Hazırda İspaniya və digər ölkələrdə çempionatları mayın 28-də və ya iyunun 6-da bərpa etmək ideyasına baxırıq. Avrokuboklar üçün də bir neçə variant var. Mayın sonunda oynamağa başlasaq, Çempionlar Liqasını da iyul ayında tamamlamaq olar. Bütün turnirlərə iyunun 6-da start veriləcəyi halda 31 iyula qədər yarışları bitirə bilərik”.
Liqanın rəhbəri koronavirus pandemiyasına görə klublara dəyəcək ziyanı da açıqlayıb: “İspaniya klublarının gəlirləri 1 milyard avro azalacaq. Oynamağa başlasaq, matçlar boş tribunlar önündə olarsa, 350 milyon avro itirəcəyik. Turnir başlasa və azarkeşlərlə olsa belə, ziyanımız 150 milyon avro olacaq”.
Qeyd edək ki, İspaniya La Liqası martın 12-dən etibarən dayandırılıb.