İspaniyanın “Almeriya” klubu heyətini yeni futbolçularla gücləndirib.

Rekord.az xəbər verir ki, geridə qalan mövsümdə Sequndada çempion olan və bu mövsüm La Liqada mübarizə aparacaq klub braziliyalı hücumçu Leo Baptistao ilə ispaniyalı qapıçı Fernando Paçekonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Alaves”dən azad agent kimi transfer olunmuş Paçekoya görə heç bir təzminat ödənilməyib. Amma “Santos”dan alınmış Baptistao üçün Braziliya klubuna 1.5 milyon avro ödəniləcəyi açıqlanıb.

Leo Baptistao peşəkar karyerasına “Rayo Valyekano”da başlayıb. 29 yaşlı hücumçu sonralar “Atletiko” (Madrid), “Betis”, “Vilyarreal”, “Espanyol”, “Uhan Zall” (Çin) kimi klubların da formasını geyinib. Braziliyalı futbolçu 2021-ci ilin avqustunda öz ölkəsinə qayıdaraq “Santos”la müqavilə imzalamışdı. Baptistao peşəkar karyerası ərzində bütövlükdə 309 oyuna çıxıb, 61 qol vurub, 33 məhsuldar ötürmə müəllifi olub.

Fernando Paçeko isə Madrid “Real”ının yetirməsidir. İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında və Madrid təmsilçisinin B komandasında oynamış qolkiper, əsas komandada debüt edə bilməyib. 30 yaşlı futbolçu 2015-ci ildən “Alaves”in uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 229 oyuna çıxıb.