"Komandamızın bütün üzvlərinə təşəkkür edirəm. Bu gün maksimum dərəcədə mükəmməl oynadıq".


Rekord.az xəbər verir ki, bunu "Sumqayıt" basketbol komandasının baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlamasında deyib.


O, Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ikinci matçında "Sərhədçi" üzərində qazanılan 100:97 hesablı qələbəni şərh edib: "Sumqayıtda keçirilən ilk görüşü yaxşı təhlil etmişdik. Son bir neçə ayda sərgilədiyimiz çıxışı bu gün təkrar etdik. Komanda oyunu və doğru taktika öz bəhrəsini verdi. Bu gün "Sumqayıt" layiqli qələbə qazandı. Həlledici matçda işimiz çətin olacaq. "Sərhədçi"nin səkkiz legioneri var, bizim isə dörd. 40 dəqiqə əvəzetməsiz oynamaq çətindir, yorğunluq öz sözünü deyir. Amma yenə də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Sumqayıt" bu mövsüm oynadığı bütün rəqiblərini ən azı 1 dəfə məğlub edib. Çalışacağıq ki "Sərhədçi"dən 2-ci dəfə üstün olaq".


Qeyd edək ki, iki matçdan sonra seriyada hesab bərabərləşib - 1:1.