Legioner limiti niyə ləğv olunmalıdır?
- 17 Avq 2024 12:00
- 331
"Zirə"nin dünənki oyunundan sonra bəzi "mollalar" yerli futbolçu aşiqi çıxıblar, yerli futbolçu sevən kəsiliblər başımıza, penaltini vura bilməyən futbolçuları tənqid edənləri qınayırlar. Guya bunlar Azərbaycan futbolunun, azərbaycanlı futbolçuların qayğısına qalan çıxıblar, bizlər düşmən. Halbuki çoxu heç bir dəfə də olsun stadiona gedib çempionat oyunlarına baxmır, çempionat oyunlarını evdən, ofissdən izləyir, Görəsən Ceyhun Nuriyev "Sabah"da dubla göndəriləndə, günü-gündən geri gedəndə həmin şəxslər harda idi? Yaxud Qismət Alıyev Qəbələdə bir qrup azarkeş tərəfindən söyüləndə, təhqir olunanda niyə çoxunun səsi kəsilmişdi. Bəs Məqsəd İsayev yaşının və karyerasının ən yaxşı vaxtlarında "Neftçi"də haqsızlıqla üzləşəndə niyə heç kimin səsi çıxmırdı? Əmin olun ki, penalti vurmayan yerliləri tənqid edənlər, limitin ləğvini tələb edənlər Azərbaycan futbolunun inkişafını daha çox istəyənlərdi. Onlara yalandan canı yananlıq göstərənlər isə, camaatın topladığı pulla qazilərə yardım edib babat reklam tutan, yığılan pulun bir hissəsi ilə maşınını dəyişən, özünə bağ evi alan "vətənpərvərlər"ə oxşayırlar.
Bu gün limitin ləğvi bilirsiniz niyə vacibdi? Yerli futbolçular daha da inkişaf eləsinlər, Avropaya çıxsınlar, sözün əsl mənasında peşəkar futbolçu olsunlar. Həmçinin sağlam rəqabətlə əsas heyətə düşsünlər, limitin yaratdığı süni yolla yox. Limit olanda yerli futbolçuların böyük əksəriyyəti arxayın əlini qulağına verib şellənir və bilir ki, nə olur olsun, əsas heyətdə oynayacaq. Üstəlik, süni yolla qiymətlərini qaldırırlar, klublara qiymət oxuyurlar. Xatirinizdədirsə, bir ara 21 yaşla bağlı limit qoyuldu ki, hər komandada mütləq 21 yaşlı bir futbolçu oynamalı, onu da yalnlz 21 yaşa qədər olan futbolçu əvəzləməlidi. Nə oldu nəticəsi? Milli qabağa getdi, yoxsa yerli futbolçular Avropaya çıxdı? Yaxud I divizionda məcbur 8+3 limitini qoydular. Yəni əsas heyətin 8 üzvünün yaşı 21-ə qədər olmalı idi. Nə qədər futbolçu 22-23 yaşında futboldan getdi. Futbolumuz nə qazandı? U-21 hansı nəticəni göstərdi? Amma ölkə çempionatında limitin olmadığı dönəmlərdə Rəşad Sadıqov çıxdı, Mahir Şükürov çıxdı, Kamran Ağayev çıxdı, Rauf çıxdı, Əfran çıxdı, Qara çıxdı. Neçə illərdi limit var. Rəşad kimi bir stopper çıxsın da. Mahirin 50 faizi qədər sağ cinah müdafiəçisi, Kamranın 30 faizi qədər qapıçı çıxsın da, niyə çıxmır?
Anar XANLAROV