"Qarabağ"ın legionerləri cizgini keçməyə başlayıblar. Onlara həddindən artıq ulduz münasibəti göstərir, dağ başına qaldırırıq. Bəli, Azərbaycan standartlarından yüksəkdədilər, yaxşı futbolçulardılar, amma "Barselona", "Bavariya" və başqalarında oynayacaq səviyyədə olmadıqları da aydındı. Başlarını aşağı salıb oyunlarını oynamalı, peşəkar olmalıdılar. Yoxsa kim olublar, nə qələbələr qazandırıblar hamısı unudulacaq və azarkeş nifrətinə çevriləcək.

 

Xüsusilə də Romao, Medina, Zubir, Leandro Andrade. Bir ara Veşoviç də "yola verirdi". Siyahını uzada da bilərəm. Qurban Qurbanovun hazırda görməli işin ən ümdəsi bu əcnəbi ərköyünlərə "həyatı başa salmaq"dı. Elvindi, Toraldı, Bəhluldu, digər yerlilərdi, bunlar bizimkidi, bunların məsələsi fərqlidi, fərqli söhbətin mövzusudu. Gəlmələrdən tələbimiz isə ayrıdı, ayrı olmalıdı. Meydanın düz mərkəzində, adi epizodda qırmızı vərəqə almağı hamı bacarardı. Bunun üçün xüsusi futbol bilik-bacarığına malik olmaq lazım deyil. Sən legionersən və digərlərindən iki baş üstün olmalı, özü də bu performansı davamlı şəkildə göstərməlisən. İki oyun super oynayıb, 4 oyun ona yaxın da düşməyəcəksənsə, bizə lazım deyilsən. Bu "Qarabağ"dı, ölkənin simvolu, ən böyük futbol silahı, tarix kitabıdı. Bunu birdəfəlik anlamaq lazımdı. Burda tələblər və gözləntilər başqadı. Üstəlik, Azərbaycan futbolunun həftədə iki dəfə "Ayaks"ı Bakıda izləmək şansı olmur və sən bir boş hərəkətinlə bütün tamaşanı pozmaq ixtiyarına malik deyilsən. Sən burda pul qazanırsan, Azərbaycan standartından xeyli yüksək gəlirin var. Zəhmət çək, işini gör, düz gör, peşəkar ol, nümunə ol.  

 

Romao bir misaldı, bir səhvə görə onu "ayağından asılması"nın tərəfdarı deyiləm. Bu gün odu, dünən başqası idi, sabah da bir başqası olacaq. Mənim Qurban Qurbanovdan tələbim bu problemi aradan qaldırması, fəsadlarını minimuma endirməsi üçün profilaktik tədbirlər görməsidi. Məcburdusa, alternativi yoxdusa, əlavə transfer lazımdısa, bunu açıq desin, rəhbərlikdən tələb eləsin. Sözünə qulaq asarlar. Eləmirsə, hazırkı nəticələrə də qatlanmalı, tənqidə hazır olmalıdı. 

 

"Qarabağ" düzələcək, xallar da qazanacaq. Dünənki matçın 15 dəqiqəsi bunu deməyə əsas verdi. Komanda daha diridi, daha hazırlıqlıdı, atletik hazırlıq baxımından enişi artıq arxada qoyub. Toparlanacaqlar. Amma futbolçular işlərinə peşəkar yanaşmasalar, bu toparlanma da müvəqqəti olacaq, çəkilən əziyyət boşa gedəcək. 

 

Kənan Məstəliyev