
Lənkəranda keçirilən “Bahar turniri”nin mükafatçıları müəyyənləşdi
- 17 Mar 2025 20:00
- 38
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Lənkəranda 12 yaşadək qızlar arasında keçirilən “Bahar turniri”nin mükafatçıları müəyyənləşib.
Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində təşkil edilən turnirdə 4 komanda mübarizə aparıb.
Şiləvar kənd tam orta məktəbinin komandası turnirin qalibi olub. Sonrakı iki yeri müvafiq olaraq Digah kənd tam orta məktəb və Rvo kənd tam orta məktəb tutub.
Şiləvar kənd tam orta məktəbinin şagirdi Gültən Babayeva 6 qolla turnirin ən məhsuldar oyunçusu olub. Rvo kənd tam orta məktəbinin şagirdi Nazənin Şəkirzadə ən yaxşı oyunçu, Digah kənd tam orta məktəbinin şagirdi Xədicə Şıxcanova isə turnirin ən yaxşı qapıçısı seçilib.
İlk üç yeri tutan komandalar diplom və medallarla, qalib kollektiv isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov və U-15 (qızlar) millisinin baş məşqçisi Gülənbər Qasımova təqdim ediblər.
Qeyd edək ki, layihənin əsas məqsədi gələcəkdə AFFA U-13 Qızlar Liqasına və aşağı yaş qrupu üzrə milli komandalara yeni qız futbolçuların cəlb edilməsidir. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunublar.