Leyla Camalzadə İsraildə ilkə imza atdı
- 03 Apr 2023 17:31
- 379
Azərbaycanın yeniyetmə badmintonçuları İsrailin Rişon-le-Sion şəhərində keçirilən beynəlxalq “PACK LINE Israel Youth 2023” turnirində 4 qızıl, 1 gümüş medal qazanıblar.
Rekord.az xəbər verir ki, turnirdə ən yaxşı nəticəni Leyla Camalzadə göstərib.
O, 15 yaşadək badmintonçuların şəxsi, qoşa və qarışıq qoşa yarışlarında qızıl medal qazanaraq mütləq çempion kimi Azərbaycan badminton tarixində ilkə imza atıb. Badmintonçu 2022-ci ildə Serbiyada keçirilən beynəlxalq “Youth International” turnirində də fəxri kürsüdə yer almağı bacarıb.
Şəxsi yarışda qrup mərhələsində keçirdiyi bütün görüşlərini qələbə ilə bitirən Leyla Camalzadə uğurlu çıxışın davamını pley-offda da gətirib. Badmintonçu yarımfinal və final qarşılaşmalarında qalib gələrək qızların şəxsi kateqoriyasında ən güclü olub.
Leyla Camalzadə və Qəndab Niftəlizadə 15 yaşadək qız badmintonçuların qoşa yarışında da turniri qalib başa vurublar. Dairəvi sistem üzrə keçirilən bu kateqoriyada onlar mütləq nəticə ilə qrupda birinci yerə layiq görülüblər.
15 yaşadək badmintonçuların qarışıq qoşa kateqoriyasında da qızıl medal qazanan tərəf Azərbaycan təmsilçiləri olublar. Əli Gözəlov - Leyla Camalzadə tandemi ardıcıl qələbələr sayəsində fəxri kürsünün ilk pilləsində yer alıblar.
Daha 1 qızıl medalı Azərbaycanın hesabına 13 yaşadək qız badmintonçuların şəxsi yarışında Qəndab Niftəlizadə yazdırıb.
13 yaşadək badmintonçuların qarışıq qoşa yarışında isə Fərəc Kərimli və Qəndab Niftəlizadə yalnız finalda uduzaraq gümüş medal əldə ediblər.
Qeyd edək ki, İsrailə öncədən yollanan yeniyetmə badmintonçular məşqçi Yevgen Poçtaryovun rəhbəriyi altında 26-29 mart tarixlərində Aşdod şəhərində təlim-məşq toplanışında olublar.