Lider çətinlik çəkmədi
- 10 Mar 2023 00:51
- 399
Voleybol üzrə Azərbaycan çempionatında kişilərin mübarizəsində növbəti turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın XI turu çərçivəsində iki görüş baş tutub.
İlk olaraq meydana “Murov” və MOİK komandaları çıxıblar. Keçirdiyi bütün görüşlərdə qalib gələn “Murov” bu matçda da qələbəyə sevinib. Fərid Cəlalovun komandası rəqibini 3:0 hesabı ilə məğlub edib və aktivinə daha 3 xal yazdırıb.
Turun son matçı isə “Xarıbülbül” və “Neftçi” klubları arasında olub. Tay-brekə kimi davam edən qarşılaşmada ilk iki hissəni 25:23 və 25:23 hesabı ilə aktivinə yazan Pərviz Səmədovun komandası uğurlu çıxışını sonadək davam etdirə bilməyib. “Xarıbülbül” əzmkar oyun sayəsində növbəti 3 hissəni öz xeyrinə başa vuraraq meydandan qalib ayrılıb - 3:2 (23:25, 23:25, 25:20, 25:16, 15:12).
Beləliklə, XI turdan sonra Azərbaycan Yüksək Liqasında “Murov” 32 xalla turnir cədvəlində birincidir. 20 xala malik “Xarı bülbül” ikinci, 13 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. "MOİK" isə 1 xalla sonuncudur.
Yüksək Liqa
XI tur
“Murov” - "MOİK" 3:0 (25:16, 25:14, 25:16)
“Xarıbülbül” - “Neftçi” 3:2 (23:25, 23:25, 25:20, 25:16, 15:12)