Lider sensasiyaya imkan vermədi
- 16 Mar 2022 13:18
- 504
Kişi voleybolçular arasında Azərbaycan birinciliyində növbəti turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın 11-ci turu çərçivəsində iki oyun baş tutub.
“Murov” voleybol klubunun idman zalında təşkil olunan tura “Ekspress” - “Neftçi” matçı ilə start verilib. “Neftçi” bu dəfə də asan qələbəyə sevinib. Pərviz Səmədovun komandası 3 xalı rəqibini 3:0 (25:13, 25:7, 25:13) hesabı ilə məğlub etməklə əldə edib.
Lider “Murov” günün ikinci matçında “Sərhədçi”ni sınağa çəkib. Bu qarşılaşmada isə qalib 4 hissədə müəyyən olunub. İlk setdə 11:25 hesabı ilə məğlub olan “Sərhədçi” sonrakı hissəni 25:23 hesabı ilə aktivinə yazdırıb - 1:1.
Autsayderin sensasiya etməyə gücü çatmayıb. “Murov” ardıcıl iki seti qazanmaqla görüşün hesabını müəyyənləşdirib - 3:1 (25:11, 23:25, 25:13, 25:15).
Beləliklə, XI turdan sonra “Murov” 23 xalla turnir cədvəlində liderliyini davam etdirir. Onlardan bir xal geri qalan “Neftçi” ikinci pillədə qərarlaşıb. Bu turda istirahət edən MOİK 15, məğlubiyyətə üzülən “Ekspress” 6 xala malikdirsə, “Sərhədçi” hələ də xal hesabını aça bilməyib.