Milli komandanın AÇ-2026-nın ilkin təsnifat mərhələsindəki oyunları ilə əlaqədar kişi həndbolçuların Azərbaycan çempionatında yaranan fasilə başa çatıb.

Rekord.az xəbr verir ki, yarışın 11-ci turunda “AHF Arena”nın  meydançasına əvvəlcə U-16 və RİOEUGİM komandaları  çıxıblar.

Gərgin mübarizə ilə yadda qalan görüş 30:26 hesabı ilə U-16-nın xeyrinə nəticələnib.

“Təhsil” – “Bakı” matçı da maraqlı idman mübarizəsi şəraitində keçib. İlk hissədə minimal üstünlük qazanan “Təhsil” görüşü qələbə ilə başa çatdırıb – 26:24.

Daha böyük maraqla gözlənilən “İdman Akademiyası” - “Dinamo” qarşılaşması gərginliyi ilə digərlərindən çox fərqlənib. Daha yüksək əzmkarlıq göstərən “İdman Akademiyası” rəqibin ciddi müqavimətinə baxmayaraq, pərəstişkarlarını növbəti qələbə ilə sevindirib - 27:25.

Çempionatın 12-ci turunda RİOEUGİM U-16 ilə oyunda revanş almağı bacarıb - 24:19. Çempionluq uğrunda yarışan “Dinamo”  “İdman Akademiyası” ilə oyunda bu istəyini reallaşdıra bilməyib. 12-ci turun oyunu “tələbələrin” 32-31 hesablı qələbəsi ilə nəticələnib. “Bakı” - “Təhsil” görüşündə isə nominal ev sahibi məğlubiyyətlə barışmalı olub - 25:34.

Yarış cədvəlinə 21 xalla “İdman Akademiyası” başçılıq edir. Məhsul ondan 4 xal geri qalır. İlk üçlüyü 15 xalla “Təhsil” qapayır. “Dinamo” 12 xalla 4-cüdür. RİOEUGİM və U-16-nın hərəyə 3 xalı var. Bakı 1 xalla son pillədə qərarlaşıb.