Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizə davam edir.

Rekord.az xəbər verir ki, həftəsonu “AHF Arena”da daha iki turun oyunları baş tutub.

Çempionatın 25-ci turu liderin xal itkisi ilə yadda qalıb. Gərgin idman mübarizəsi vəd edən “Dinamo” - “İdman Akademiyası” görüşünün ilk hissəsi bərabərliklə başa çatıb. Fasilədən sonra fürsətlərdən daha layiqincə yararlanan “dinamoçular” oyunu qələbə ilə başa vurublar - 26:23. Turun digər oyunları da maraqlı mübarizə ilə yadda qalıb. Bu, nəticələrdə də əksini tapıb. “Təhsil” “Bakı”nı 28:27, U-16 RİOEUGİM-i 23:22 hesabı ilə məğlub edib.

“İdman Akademiyası” ilə “Dinamo”nun 26-cı turdakı dueli böyük maraqla gözlənilirdi. Çempionluğa iddialı rəqiblərin növbəti görüşündə “Dinamo” yarış cədvəlinin lideri ilə xal fərqini  azaltmaq  niyyətində idi. Amma qonaqlar istəyini reallaşdıra bilməyiblər. Yüksək əzmkarlıq nümayiş etdirən “tələbələr” tapşırığı yerinə yetiriblər – 24:23. Digər oyunlarda “Təhsil” “Bakı”ya 29:27, RİOEUGİM U-16-ya 31:22 hesabı ilə qalib gəlib.

“İdman Akademiyası” 54 xalla çempionatın lideridir. “Dinamo” ondan 12 xal geri qalır. “Məhsul” 41 xalla üçüncüdür. 4-cü pillədəki “Təhsil”in 36, 5-ci yerdəki “Bakı”nın 13 xalı var. RİOEUGİM və U-16 hərəyə 6 xalla sonrakı yerləri bölüşür.