İspaniya yığmasının və “Liverpul”un sabiq yarımmüdafiəçisi Tyaqo Alkantara karyerasını başa vurub.

Rekord.az xəbər verir ki, bu barədə italiyalı futbol insayderi Fabritsio Romano sosial şəbəkədə yazıb.

33 yaşlı ispanın futbolda başqa rolda təmsil olunacağı vurğulanır.

Alkantaranın sonuncu klubu 2020-ci ildən çıxış etdiyi İngiltərənin “Liverpul”u olub. O, 3 il ərzində “qırmızılar”ın heyətində ümumilikdə 98 oyuna çıxıb və 3 dəfə qolla, həmçinin 6 məhsuldar ötürmə ilə fərqlənib. Daha əvvəl oyunçu Almaniyanın “Bayern” və yetirməsi olduğu İspaniyanın “Barselona”sında forma geyinib. Futbolçu bu iki klubun heyətində Çempionlar Liqasının qalibi olub.