“Los-Anceles olimpiadasında daha yaxşı çıxış etməyə çalışacağıq”
- 30 Yan 2025 16:00
- 55
“Los-Anceles olimpiadasındakı əsas məqsədimiz Parisdəki nəticədən daha yaxşı çıxış etməkdir”.
Rekord.az xəbər verir ki, bunu cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman federasiyanın mətbuat xidmətinə müsahibəsində deyib.
Alman mütəxəssis ötən ilin Azərbaycan cüdosu üçün uğurlu olduğunu bildirib. O, ölkəmizdə ilin məşqçisi seçilməsi ilə bağlı fikirlərini bölüşüb:
"Bakıda ilk dəfə belə bir tədbirdə iştirak etdim və bu, həqiqətən çox xoş idi. Daha əvvəl başqa ölkələrdə bənzər qala-gecələrində iştirak etmişdim, buna görə də burada mərasimin necə keçdiyini görmək mənim üçün xüsusilə maraqlı idi. Azərbaycan Cüdo Federasiyası böyük uğurlar qazandı və əməyimin də qiymətləndirilməsi mənim üçün böyük şərəfdir. Ötən ilin ən yaxşı idmançılarının da bizim cüdoçular – Hidayət Heydərov və Zelim Kotsoyev olması sevindiricidir. Bu gecə mənim üçün çox yaddaqalan oldu. Gənclər və İdman Nazirliyinə, təşkilatçılara və məni dəstəkləyən hər kəsə səmimi təşəkkürümü bildirirəm.
Riçard Trautman qısa və uzunmüddətli planlardan söz açıb:
"Bizim möhtəşəm komandamız var və heyətimizdə iki Olimpiya çempionu yer alır. Bundan əlavə, uğurun astanasında olan istedadlı və perspektivli idmançılarımız var – onlara sadəcə bir neçə düzgün addım atmaq qalır. Və, əlbəttə ki, biz gənc nəslimizlə fəxr edirik – onlar böyük potensiala malikdirlər, inkişaf etməyə, mükəmməlləşməyə və yeni zirvələr fəth etməyə hazırdırlar. Əsas məqsədimiz, şübhəsiz ki, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında uğurlu çıxış etməkdir. Lakin bu yolda mühüm mərhələlərdən biri də 2026-cı ildə Bakıda baş tutacaq dünya çempionatıdır. Bu yarışdakı uğur bizə əsas hədəfə çatmaqda böyük kömək edə bilər. Dünya çempionatında və digər böyük turnirlərdə stabil nəticələr əldə etmək üçün əlimizdən gələni edəcəyik. Eyni zamanda unutmaq olmaz ki, uğur yalnız idman nəticələrindən ibarət deyil. Biz idmançılarımızın sağlamlığının qorunmasına və gücləndirilməsinə xüsusi diqqət yetiririk. Həmçinin gələcək qələbələrin təməlini təşkil edəcək yeni nəsil cüdoçuların hazırlanması bizim üçün olduqca vacibdir.
Baş məşqçi ötən il zədə almış cüdoçuların bərpa prosesi ilə bağlı danışıb:
"Zədələr var və bu mövzuda artıq həm milli komandanın həkimləri, həm də klublardakı tibbi mütəxəssislərlə müzakirələr aparmışıq. İdmançılar hətta kiçik zədələrə baxmayaraq həmişə mübarizəyə hazırdırlar. Lakin onlar bəzən anlamırlar ki, belə yanaşma vəziyyəti daha da çətinləşdirə bilər. Burada biz balansı qorumağa çalışmalıyıq. Məhz bu səbəbdən Olimpiadadan sonra bütün idmançıların sağlamlıqlarına vaxt ayırması üçün israr etdim. Elcan Hacıyev, Yaşar Nəcəfov və Gültac Məmmədəliyeva əməliyyat keçirdilər və hazırda bərpa prosesindədirlər. Onlar tam gücləri ilə olmasalar da, artıq məşqlərə qayıdıblar. Bununla belə, irəliləyiş aydındır və onlar optimal formalarına qayıtmaq yolunda inamla irəliləyirlər. Bəzi idmançılarımız, məsələn, Turan Bayramov və Vüqar Talıbov, hərbi xidmət səbəbindən müvəqqəti olaraq idman fəaliyyətlərini dayandırıblar. Turan Bayramov cəmi bir ay əvvəl məşqlərə qayıdıb, tezliklə Vüqar Talıbov da onlara qoşulacaq. Digər idmançılarımızın da kiçik çətinlikləri var, məsələn, Zelim Tçkayevin kiçik zədələri var və onların müalicəsi tələb olunur. İlin əvvəlində Bakıda, Parisdə və Daşkənddə keçiriləcək turnirlərdə iştirak planlaşdırılıb. Bu yarışlarda, belə demək mümkünsə, eksperimental heyət iştirak edəcək. Heyət idmançıların hazırlıq səviyyəsinə əsasən formalaşdırılacaq. Əsas diqqət gənc, iddialı və istedadlı cüdoçularımızın potensialını yoxlamağa yönəldiləcək".
Mütəxəssis olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyevin yarış təqvimi ilə bağlı bunları deyib:
"Hidayət və Zelim artıq tam şəkildə məşq prosesinə qoşulublar. Biz onları əsas turnirlərə hazırlayırıq və ilin gedişində onlar dörd-beş yarışda iştirak edəcəklər. Əsas diqqət dünya və Avropa çempionatlarına, İslam Həmrəyliyi Oyunlarına, həmçinin bəlkə də Tokioda keçiriləcək "Böyük Dəbilqə" turnirinə yönəlib. Lakin İslam Oyunlarının tarixi ilə bağlı hələ dəqiq məlumat yoxdur. Yarışın avqustda keçirilməsi planlaşdırılır, lakin noyabra təxirə salınması ehtimalı da var. Bu isə cüdo təqvimi üçün çox vacib bir dövrdür, çünki həmin müddətdə Tokioda keçirilən prestijli "Böyük Dəbilqə" turniri var və bu yarışda iştirak da bizim üçün prioritetdir".
R. Trautman cüdodakı qaydaların dəyişməsinə toxunub:
"Qaydalar dəyişir və ya dəyişmir, cüdoda həmişə dramatik anlar kifayət qədər olur. Hamımız müəyyən ümidlər bəsləyirik və müəyyən nəticələr gözləyirik. Bununla belə, bəzi müsbət dəyişikliklər də var: məsələn, "dayvinq" adlandırılan vəziyyətə görə hansoku-make qərarının ləğvi. Bu, çox vacib bir addımdır, xüsusilə də 2023-cü ildə Dohada keçirilən dünya çempionatını xatırlasaq. Həmin çempionatda üç cüdoçumuz rəqibini atarkən başları ilə tatamiyə toxunduqları üçün məğlub oldular. Artıq belə hallar idmançılara qələbə şansına başa gəlməyəcək və bu, qaydaları daha ədalətli edəcək. "Yuko" qiymətləndirməsinin geri qaytarılmasını da müsbət bir addım hesab edirəm. Bu, döyüşlərin strategiyasını zənginləşdirəcək və idmançılara daha geniş texnika arsenalından istifadə etmək imkanı verəcək. "Golden score" məsələsinə gəldikdə isə, burada hər şey fiziki hazırlığa bağlıdır. Cüdoçular 15 dəqiqə əlavə mübarizə aparmağa hazır olmalıdırlar. Məsələn, Hidayət əlavə vaxtı rahat keçirsə də, sürətli qələbəyə üstünlük verən Turan Bayramov üçün "golden score" ciddi bir sınaq ola bilər. Ümumilikdə qeyd etmək lazımdır ki, yeni qaydalar hələ test rejimindədir və bu ilin iyun ayına, yəni Budapeştdə keçiriləcək dünya çempionatına qədər sınaqdan keçiriləcək. Bundan sonra Beynəlxalq Cüdo Federasiyası onların rəsmi tətbiqi ilə bağlı yekun qərar verəcək. Biz də bu qərarlara uyğunlaşacaq və yeni qaydaların yarışlarda necə şərh edildiyini diqqətlə izləyəcəyik. Bu, cüdoçularımızın taktiki hazırlığını tənzimləməyə və onları dəyişikliklərə tam uyğunlaşdırmağa imkan verəcək. Beləliklə, 2025-ci il yeni qaydalara uyğunlaşma baxımından mühüm bir il olacaq".
O, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarından hədəflər barədə fikirlərini bölüşüb:
"İlk iki il adaptasiya dövrüdür, daha sonra isə Olimpiya təsnifat mərhələsi başlayır. Məhz buna görə təsnifat mərhələsinin başlanmasına qədər olan vaxt bizim üçün unikal imkan yaradır – bu dövrdə "ev tapşırığımızı" görmək, yeni qaydaları öyrənmək və onları praktiki olaraq tətbiq etmək şansı əldə edirik. Bu prosesdə müəyyən səhvlər ola bilər, lakin bəzən məhz bu səhvlər gələcək inkişaf üçün vacibdir. Bundan əlavə, Olimpiya təsnifatını evdə keçiriləcək dünya çempionatı ilə açırıq və bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur. Əgər çox uzun müddət eksperimentlərə sərf etsək, bu, Bakıda medal qazanmaq şanslarımıza mənfi təsir göstərə bilər. Buna görə də biz adaptasiya üçün bir il ayırmışıq ki, növbəti mövsüm başlayanda idmançılarımız tam hazır olsunlar. Olimpiya təsnifatı mərhələsinə gəldikdə, bizim əsas məqsədimiz mümkün qədər çox çəki dərəcəsində idmançılarımızın ilk səkkizliyə daxil olmasıdır. Bundan əlavə, biz bütün çəki dərəcələri üzrə geniş və rəqabətli seçim imkanını təmin etməyə çalışırıq, çünki bu lisenziyalar uğrunda birdən çox idmançı mübarizə aparır. Dörd il həm də gənc idmançıları yüksək səviyyəyə gətirmək üçün kifayət qədər uzun bir müddətdir. Onlar artıq ciddi turnirlərdə iştirak etməyə hazırdırlar, lakin onların taktiki hazırlığını və stabilliyini inkişaf etdirməliyik. Daha bir vacib məqsəd məşqçi heyətinin uyğunlaşmasıdır. Mən kişi milli komandasının baş məşqçisi kimi vəzifəmi saxlamışam, lakin eyni zamanda performans direktoru kimi də fəaliyyət göstərirəm. Bu, geniş diqqət və böyük səylər tələb edən yeni bir roldur, çünki bu vəzifə həm idmançıların, həm də ümumilikdə komandanın inkişafına yönəlmiş çoxşaxəli məsələləri əhatə edir. Hazırda yeni məşqçi heyətini formalaşdırırıq və komandamıza bir neçə maraqlı və perspektivli mütəxəssis qoşulub. Ancaq başa düşmək lazımdır ki, komandanın uğuru yalnız məşqlərdən və çıxışlardan ibarət deyil. İdmançılar hər sahədə peşəkar olmalıdırlar – düzgün qidalanmadan və bərpadan tutmuş psixoloji hazırlığa qədər. Məhz buna görə bizə geniş mənada güclü bir komanda lazımdır.
Baş məşqçi son olaraq Bakıda keçiriləcək "Böyük Dəbilqə" barədə danışıb:
"Olimpiadadan sonrakı il keçirilən ilk turnirlərin özünəməxsus xüsusiyyətləri var. Bu xüsusiyyətlərdən biri odur ki, bütün idmançılar yarışa optimal formada gəlmir. Hazırda biz komandanın heyətini formalaşdırmaq prosesindəyik, eyni zamanda bəzi idmançılar hələ də zədələrdən bərpa olunur. Bunlardan biri də ardıcıl iki ildir Bakıda qalib gələn Zelim Tçkayevdir (81 kq). Təbii ki, üçüncü dəfə qalib gəlmək fürsəti onun üçün böyük motivasiya ola bilər, lakin əsas prioritet onun sağlamlığıdır. Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfovun (66 kq) yarışa tam hazır olub-olmayacağını da demək çətindir. Turan Bayramov yenicə məşqlərə qayıdıb, Vüqar Talıbov isə hələ də hərbi xidmətini davam etdirir. Digər tərəfdən, heyətimizdə bu turnirin hazırkı qalibi Murad Fətiyev (90 kq) var. Eyni zamanda, gənc idmançılarımızdan da xoş sürprizlər gözləmək olar. Məsələn, Hüseyn Allahyarov (60 kq) U-23 Avropa çempionatındakı qələbəsinin ardınca ölkə çempionatında da qalib gəldi və çox təsirli döyüş nümayiş etdirdi. Onun “Böyük Dəbilqə”də çıxışı maraqlı və gərgin olacaq, biz də onun performansını səbirsizliklə gözləyirik".