Macarıstan çempionatının yarımfinalında kapitanımız sevindi, hücumçumuz isə məyus oldu
- 14 Apr 2022 10:22
- 747
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvləri Ayşən Abduləzimova və Nikolina Boşnakova Macarıstan çempionatının yarımfinal mərhələsində mübarizəyə başlayıblar. "Rekord.az" xəbər verir ki, blokçumuz Abduləzimovanın formasını geyindiyi "Vasas"ın 1/2 finaldakı rəqibi "Szent Benedek RA" klubudur. Hücumçumuz Boşnakovanın şərəfini qoruduğu "MCM-Diamant"ın rəqibi isə "Bekescsaba" kollektividir.
"Vasas"ın ilk qarşılaşması gərginliyi ilə yadda qalıb. Görüşə yaxşı başlayan voleybolçumuzun komandası ilk iki hissəni qalib başa vurub. Lakin bundan sonra rəqib təşəbbüsü ələ alıb və ardıcıl iki setdə qalib gəlməklə ümumi hesabı bərabərləşdirib. Matçın taleyinə isə tay-breykdə aydınlıq gəlib. Həlledici hissədə daha dəqiq oynayan Ayşən və rəfiqələri meydandan 3:2 (25:22, 25:23, 16:25, 20:25, 15:5) hesablı qələbə ilə ayrılıblar.
"Vasas"ın çətinliklə qalib gəldiyi ilk yarımfinal qarşılaşmasında Abduləzimova 8 dəfə fərqlənib. Millimizin kapitanı bu xallardan 7-ni hücumda, 1-ni isə blokda qazanıb.
Digər 1/2 final matçı isə hücumçumuz üçün uğursuz alınıb. cəmi bir setdə sevinən Boşnakova və rəfiqələri 1:3 () hesabı ilə məğlub olublar. Bu qarşılaşmada yığmamızın üzvü 17 xal qazanıb. O, rəqibi 15 dəfə hücumda, 2 dəfə isə eyslə məyus edib.
Qeyd edək ki, "MCM-Diamant" ikinci yarımfinal oyununa aprelin 15-də, "Vasas" isə aprelin 16-da çıxacaq. Bu mərhələdə ümumilikdə 3 qələbə qazanacaq komandalar finala adlayacaq.