Macarıstanda ən yaxşı oyunçu seçilmiş Abduləzimova: "Adımı eşidəndə çox şad oldum"
- 17 May 2022 11:18
- 591
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin bir neçə üzvü son mövsümdə xarici liqalarda çıxış etdi və uğurlu nəticələr qazandı. Bu voleybolçulardan biri də yığmamızın kapitanı Ayşən Abduləzimovadır. Ayşən formasını geyindiyi Macarıstanın "Vasas" klubu ilə 2021/22 illər mövsümündə 3 yarışın qalibi oldu. Təcrübəli blokçumuzun komandası MEVZA kuboku, Macarıstan kuboku və bu ölkənin birinciliyində qalib gəlməklə mövsümü 3 titulla başa vurdu.
Komandasının bu nailiyyətlərində mühüm pay sahibi olan voleybolçumuz "Rekord.az"a müsahibəsində Macarıstandakı çıxışı və Azərbaycan voleybolundan bəhs edib:
- Mövsümü 3 turnirin qalibi kimi başa vurdun. İli necə dəyərləndirirsən?
- Mənim üçün, "Vasas" ailəsi üçün çox yorucu və çətin mövsüm keçdi. Oyunlarımız çox oldu. Mövsüm başlamazdan əvvəl Yunanıstanda, Sloveniyada yarışlarda çıxış etdik. Daha sonra CEV kubokunda, MEVZA kubokunda, Macarıstan kubokunda və çempionatında oynadıq. Oyunlar kifayət qədər çox olduğundan mövsüm yorucu keçdi.
- Komandayla qazandığın 3 turnirlə yanaşı, şəxsən də böyük mükafat qazandın. Sən Macarıstan çempionatında 2021/22 illər mövsümünün "Ən dəyərəli oyunçu"su seçildin. Bu, yəqin ki, asan olmayıb.
- Burada çıxış etdiyim əvvəlki mövsümlərdə belə mükafat yox idi. Adətən kubokda final qarşılaşmasının ən dəyərli oyunçusu təyin olunurdu. Açığı, bütün çempionatın ən dəyərli oyunçusu seçiləcəyimi gözləmirdim. Adımı eşidəndə isə çox şad oldum. Harada çıxış etməyimdən asılı olmayaraq, hər zaman maksimum gücümlə oynamağa çalışıram. Həm millidə, həm də klublarda meydana yalnız yaxşı oynamaq və qələbə qazanmaq üçün çıxıram. Hər zaman əlimdən gələni etmişəm ki, nəticəmiz uğurlu olsun.
- Macarıstan birinciliyinin final mərhələsində "Bekescsaba" ilə qarşılaşdız. İlk 4 oyun kifayət qədər gərgin alınsa da sonuncu görüşdə əksinə, rəqibə heç bir şans vermədiz.
- Final oyunlarının bu qədər çətin olacağını gözləyirdik. Oyunlar 2-3 gündən bir olduğu üçün çox yorulurduq, hər iki komandanın voleybolçuları çox yorğun idilər. Dördüncü oyunu evdə keçirirdik və həmin qarşılaşmada qələbə qazanacağımızı gözləyirdik, lakin olmadı. Hər şey beşinci oyuna qaldı. Bu görüş isə rəqib meydanında baş tutdu. Rəqibi öz evində udduq. Əvvəldən təşəbbüsə yiyələndik və üstünlüyümüzü sonadək qoruduq. Son qarşılaşmanı quru hesablı qələbə ilə başa vurduq. Bu, əlbəttə ki, bizim üçün daha yaxşı oldu.
- Bu, sənin Macarıstanda ilk çıxışın deyil. Son çıxışını əvvəlki iki mövsümdən necə fərqləndirərsən?
- Bəli, Macarıstanda artıq üçüncü ildir ki, oynayırdım. Və ildən-ilə Macarıstan çempionatının, voleybolunun necə inkişaf etdiyini gördüm. İstər liqanın səviyyəsində, istər oyunçuların transferində, istərsə də məşqçi transferində nəzərəçarpacaq dərəcədə irəliləyiş var. Deyə bilərəm ki, bu mövsüm mənim üçün daha çətin keçdi.
- "Vasas"ın bu uğurlarında sənin əməyin danılmazdır. Komanda ilə yoluna davam edəcəksənmi?
- Bu istiqamətdə müəyyən danışıqlar gedir. Lakin mövsüm təzə başa çatıb, hazırda istirahətdəyəm. Bu məsələyə tam olaraq istirahətdən sonra qayıdacağam.
- Daha güclü və fərqli çempionatlarda çıxış etmək fikrin varmı?
- Keçən il Türkiyədə çıxış etdim. Daha fərqli çempionatdır, fərqli komandalar var. Türkiyə birinciliyi dünyanın ən güclü çempionatlarındandır. Lakin Macarıstan mənə doğmalaşıb, orada özümü evimdəki kimi hiss edirəm. İnsanlar da mənə öz doğmaları kimi yanaşırlar.
- Qarşıda milli komandanı mühüm oyunlar gözləyir. Hələ komanda tam toplaşmasa da bu yarışlar haqqında nə deyə bilərsən?
- Millimiz yavaş-yavaş toplanmağa başlayır. Ölkə xaricində oynayan voleybolçulara daha çox istirahət verildiyindən biz məşqlərə bir qədər gec qoşulacağıq. Ötən il nəticələrimiz ürəkaçan olmadı. Uğursuz çıxış etdik. Bu il inşallah çalışacağıq ki, daha yaxşı oynayıb, uğurlu nəticələr əldə edək.
- Son illər ölkə çempionatında ciddi çöküş yaşansa da bu il bir qədər canlanma oldu. Birinciliyin qarşılaşmalarını izləyirdinmi?
- Düzünü desəm, gərgin qrafik və vaxt az olduğundan çempionatı tam izləyə bilməmişəm. Bir neçə oyuna baxmışam. Düşünürəm ki, bu böyük irəliləyişdir. Ötən il çempionatımız keçirilmədi, amma bu il o addımı atdıq. İnşallah növbəti mövsümlərdə daha yüksək səviyyəli çempionat keçirərik.
- Səncə Azərbaycan voleybolu və çempionatımız əvvəlki gücünə və nüfuzuna qayıdacaqmı?
- Çox istərdim ki, voleybolumuz əvvəlki səviyyəsinə qayıtsın. Bu yolda ilk addımımızı atdıq, inşallah bundan sonra dayanmarıq və daha da irəliləyərik.
- Ötən ilin sonlarında sən və bir neçə voleybolçumuz "İdman usta"sı adına layiq görüldünüz. Bu barədə fikirlərin.
- Düşünürəm ki, bu, illərlə davam edən gərgin əməyimizin nəticəsidir. Həm millimiz, həm klublarımız, ümumiyyətlə ölkə voleybolu üçün biz hamımız əlimizdən gələni etmişik. Bu gün əməyimizin qarşılığının verilməsi sevindirici haldır. Bizi bu fəxri ada layiq gördükləri üçün Gənclər və İdman Nazirliyinə, eləcə də bizə hər zaman dəstək olan federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm.
Samirə Quliyeva