Azərbaycan badmintonçuları Maltanın Kospikua şəhərində keçirilən “Future” seriyalı “Malta International 2022” turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Rekord.az xəbər verir ki, milli komandanın lideri, kişi badmintonçuların şəxsi yarışında turnirin bir nömrəli reytinq favoriti Edi Reski Dviçayo müvafiq kateqoriyada qızıl medala layiq görülüb. 

Mübarizəyə 1/16 finaldan başlayan badmintonçumuza finala gedən yolda Sloveniya, İtaliya, Litva və Hindistanı təmsil edən rəqiblərinə qalib gəlmək üçün 2 set kifayət edib. Edi həlledici görüşdə Bolqarıstan badmintonçusu Dimitar Yanakievlə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən final görüşü 3 set davam edib. Badmintonçumuz ilk setdə 21-19 hesablı üstünlük əldə etsə də, bolqar idmançı ikinci hissədə 21-17 hesablı qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib. Son setdə rəqibinə 21-14 hesabı ilə qalib gələn Edi Reski Dviçayo “Malta International 2022” turnirini qalib başa vurub.

Digər 2 medal kişi və qadın badmintonçuların qoşa yarışında əldə olunub. Kişi badmintonçuların qoşa yarışında Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi Niderland, Portuqaliya və Almaniyanı təmsil edən idmançılara qalib gələrək finala yüksəlib. Edi-Ezmi qoşasının həlledici görüşdə də rəqibləri alman badmintonçuları olub. Hər iki setdə rəqiblərindən geri qalan kişi badmintonçularımız (20-22, 15-22) qoşa yarışında fəxri kürsünün ikinci pilləsində yer alıb.

Qadınların qoşa yarışında isə qazancımız bürünc medal olub. Era Maftuha-Fatimə Zəhrə yarımfinala kimi Niderland və Macarıstan badmintonçularını məğlub etsə də, finala yüksəlmək uğrunda keçirilən görüşdə alman həmkarlarına 0:2 (8-21,11-21) hesabı ilə uduzaraq turniri 3-cü sırada başa vurub.