Medianın İnkişafı Agentliyinin ədalətsiz qərarına etiraz edirik!
- 19 Yan 2022 18:18
- 893
Etiraz edirik!
Medianın İnkişafı Agentliyinin müsabiqəsində qalib gəlMƏyənlərin arasında REKORD.AZ saytı da var. Bütün qaydalara uyğun sənədləri təqdim etmişik, bütün meyarlara uyğun addımları atmışıq. Əminəm ki, qalib gələn idman saytlarından heç nədə geri qalmırıq. Heyətimiz də güclüdü, işimizi də hər kəs görür. 12 ildi saytı ayaqda saxlamaq üçün olmazın zülmünü çəkmişik, kiminsə tapşırığı ilə "oturub-durmamışıq", sifarişlə işləməmişik, ən minimum imkanlarla ən maksimum iş görməyə çalışmışıq, məncə, öhdəsindən gəlmişik də. Əsla elə düşünülməsin ki, qalibləri nədəsə ittiham edirəm, "biz yaxşıyıq, onlar pis" fikrini bildirirəm. Əsla! İdman mediası çox çətin şəraitdə işləyən, ciddi problemləri olan, maliyyə dayaqları çox az olan bir mediadı, ona görə də hər cür dəstəyi haqq edir. Mənim etirazım bizim saytımızın kənarda qoyulmasıdı. Çünki biz də o siyahıda yer ala, 8-ci, 9-cu ola bilərdik və mütləq olmalıydıq da. Çox böyük ədalətsizliyə məruz qalmışıq, ona görə də buna ETİRAZ EDİRİK!
Burda MEDİA İA-nı göydən-yerə vurub, ağır sözlər deməyəcəm, çünki bizə yaraşmaz. Ancaq nə olursa-olsun, 2018-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən "ilin ən yaxşı idman saytı" seçilən, əməkdaşları mütəmadi olaraq televiziya kanallarında mütəxəssis qismində çıxış edən, Azərbaycan İdman Jurnalistləri Federasiyası / Sports Journalists Federation-nın komissiya üzvlüyündə təmsil olunan, ölkə futbolu və ümumilikdə idmanının gündəminə təsir edən materiallar, yazılarla çıxış edən, mütəmadi şəkildə gündəlik özəl kontent istehsal edən, tək futbol yox, həm də həqiqi bir idman saytı olduğunu ortaya qoya bilən Rekord.az saytının bu formada kənarda qoyulması böyük haqsızlıqdı. Biz bu haqsızlığa ETİRAZ EDİRİK!
Məsələ həm puldadı, həm də onda deyil. Bu müsabiqədə qalib gəlməyəndə də yaşayırdıq, acından ölmürdük, bundan sonra da yaşayacağıq. Ancaq biz haqq etdiyimizin bizə verilməsini istəyirdik. O haqqı ki, qorunacağı halda necə böyük effekt verəcəyi aşkar görünəcəkdi. Haqqımızın qorunmamasına ETİRAZ EDİRİK!
MEDİA İA-nın yaradılma səbəbi, fəaliyyətinin mahiyyəti mediaya həqiqi dəstək olmaq, onların inkişafına kömək etməkdi. Belə çətin vaxtda da bu işi etməyəcəksizsə, daha nəyə lazımsız? Bəh-bəhlə yekə-yekə mətnlər, görüşlərdən reportajlar yayınlayıb özünü iş görürmüş kimi göstərməklə deyil. Reallıq ortadadı və hamı hər şeyi açıq görür. İşinizin öhdəsindən gələ bilmirsiz, sizə göstərilən etimadı doğrulda bilmirsiz. O etimadı ki, sizə ən yüksək - Birinci səviyyədə verilib. Bu etimadı doğrultmamağınıza ETİRAZ EDİRİK!
Bu yazdığım tək "Rekord"la bağlı da deyil. Başqa həmkarlarım da var ki, onlar da eyni problemlə üzləşiblər, onlara da haqsızlıq edilib. Onların da səsinə səs verərək ETİRAZ EDİRİK və bu işin sonuna, ən yüksək instansiyalara qədər gedəcəyimizi bildiririk!
REKORD.AZ