Məmmədyarovdan Aronyanla heç-heçə
- 14 May 2022 23:27
- 527
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində sonuncu görüşünü keçirib.
Rekord.az xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın 9-cu turunda ABŞ-ı təmsil edən Levon Aronyanla üz-üzə gəlib.
Qara fiqurlarla oynayan Məmmədyarov 36-cı gedişdə heç-heçəyə razılaşıb və xallarının sayını 3,5-ə çatdırıb. Təcrübəli şahmatçı daha öncə Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayak (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə də heç-heçə etmişdi. ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və Lenyer Dominqesə uduzan Şəhriyar, yalnız FİDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib.
Xatırladaq ki, ötən il baş tutan “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olmuşdu.