“Mən prezident seçilsəm, o futbolçu yüz faiz komandada qalmayacaq”
- 17 Okt 2019 13:40
- 915
Tanınmış fitness məşqçisi, futbol azarkeşi olan Kəmalə İsmayılovanın bir müddət əvvəl saytımıza verdiyi müsahibədə “Zirə”də prezident olmaq istəyirəm” deməsi, sosial şəbəkədə xüsusi maraqla qarşılanıb. Bu mövzu ətrafında müzakirələr son günlərdə daha da genişlənib. Bununla bağlı Kəmalə xanımla söhbət etdik. O, niyə məhz “Zirə”ni arzulaması, bir gün möcüzə olarsa, prezident olacağı halda, hansı dəyişiklikləri edəcəyi ilə bağlı maraqlı fikirlər səsləndirdi:
- Son günlər “Zirə”də prezident olmaq istəyiniz sosial şəbəkədə çox müzakirə olunur.
- Prezident seçilmək istəyimin niyə belə rezonans doğurduğunu anlamıram. Neçə illər idman mətbuatında işləmişəm, futbol jurnalisti, idmançı olmuşam, dərəcələrim var. Niyə prezident olmaq istəyim belə qarşılanır, bilmirəm. Ancaq hansısa bank işçisi, turizm şirkətində işləyən, futbola aidiyyatı olmayan, başı çıxmayan prezident ola bilir – hansı ki, futboldan anlayışı yoxdur – onu normal qarşılayırlar. Bilmirəm, mən xanımam deyədi, yoxsa nədir. Məncə, bir az gender bərabərliyi pozulur. Bilmirəm xanımın prezident olmaq istəyi niyə belə rezonans doğurdu. Hər kəs başladı müzakirə etməyə, bu, mənə çatmadı.
- Niyə məhz “Zirə”?
- İstəyimin sosial şəbəkələrdə də müsbət qarşılandığını görürəm. Çox adam sual verir ki, niyə “Zirə”? Çünki klub prezidentsizdir. Həm də, ötən mövsüm komandanın bütün oyunlarını izləmişəm, hətta Antalya toplanışına da getmişdim. Ümumilikdə “Zirə” haqda məlumatım çoxdur, klubda baş verənləri də bilirəm. Mən “Zirə”ni bir yerlərə gətirə bilərəm. Prezident adı üçün yox, orda kukla kimi olmaq istəmirəm. Prezident kimi öz işlərimi özüm görmək istəyirəm. Çox vaxt deyirlər ki, “Zirə” “Qarabağ”a xal verir. Bu söhbəti aradan qaldırmaq – məhv etmək istəyirəm. Göstərmək istəyirəm ki, “Zirə” azad klubdur, heç kimdən asılı deyil, heç kimə də xal vermir.
- Birdən möcüzə oldu, klubda prezident olduz, “Zirə”də nəyi dəyişərdiz?
- Düzü, mən bu barədə status da yazmışdım. Ki, ilk olaraq baş məşqçini – Samir Abasovu dəyişərdim, çünki xarakterində zəiflik görmüşdüm. Ancaq deyəsən, statusumu gördülər, ya müsahibəmi oxumuşdular, hər nə isə, səsimi eşitdilər (gülür). Fəxri prezident Orxan Məmmədov baş məşqçini dəyişdi. Başqa dəyişikliklər də edərəm. Məsələn, “Zirə”nin ofisi çox balacadır, orda olmuşam, bəyənmirəm. “Zirə” byük klub olmaq istəyirsə, hər şey ona uyğun olmalıdır. Ofisdə 5-6 kişi yığışıb, bir otaqda işləyir. Bir xanım da olmalıdır. İşçi xanımın da olması klubda əlavə motivasiyadır. Mən prezident olsam, mütləq şəkildə bir xanım da götürəcəm yanıma. İstənilən iş yerinin bəzəyi xanımlardır. İşgüzar xanımlar çoxdur. Özüm də ali təhsilli, işimi bilən adamam. Klubda xanım işçi olmalıdır. Digər tərəfdən, “Zirə”də bir az intizamsızlıq olduğunu düşünürəm. Futbolçular bir az çəkinmirlər. Düzdür, mehribançılıq olmalıdır, ancaq, futbolçular prezidentdən çəkinməlidir. Düşünürəm ki, əvvəlki prezidentdən çəkinmirdilər, sözə baxmırdılar. İlk olaraq baş məşqçiyə hörmət etməlidirlər, ondan çəkinməlidirlər. Elə buna görə, Samir Abasovu bəyənmirdim. İlk bunu düzəldərəm. Fatih Terimi götürək, meydanın kənarından qışqıranda bütün futbolçular sıraya düzülürdü. Daha sonra intizamsız saydığım futbolçuları komandadan uzaqlaşdırardım. Çünki güclü komanda qurmaq istəyiriksə, toplu şəkildə nəsə etməliyik. Futbol kollektiv oyunudur. Heç kim özünü ulduz saya bilməz, özünü göylə aparmamalıdır. Hər kəs eyni amal üçün meydana çıxır və bir olmalıdır. Lider olarsa, o başqa məsələdir. Komandanı arxasınca aparmalıdır. Məsələn, Rəşad Sadıqov kimi. Mütləq şəkildə belə bir oyunçu hər komandada olmalıdır. Prezident azarkeşlərlə də bir olmalıdır. Bizdə bu, çox zəifdir, “Qarabağ” xaric. Mütləq şəkildə bu düzəlməlidir.
- Yeni baş məşqçi Zaur Həşimovu necə, bəyənirsiz?
- Zaur Həşimov gənc kadrdır. Düzü, mən gətirməzdim onu. Daha təcrübəli baş məşqçi gəlməlidir. Məncə, Zaur son variant idi, başqa variant yox idi deyə, tələsik gətirildi. Onun çox qalacağını düşünmürəm. Bu mövsümün sonuna qədər saxlasalar, böyük şeydir. Bu işdə “bişmiş” adam gətirərdim, məsələn, Nazim Süleymanov.
- “Zirə”də intizamsız futbolçular dedikdə kimləri nəzərdə tutursuz?
- Ötən mövsüm komandada istənməyən futbolçular çox idi. İntizamsızlar var idi, müqaviləsi olduğu üçün bəziləri getmək istəmirdilər. Adlarını çəkmək istəmirəm. Komandada baş verənlərdən xəbərim var idi, belə olmaz. İndi bəziləri gedib. Məsələn, Kamal Bayramovla Samir Abasov arasında münaqişə olmuşdu. Bunu çoxu bilmir. Amma mən bilirəm, komandanın içində olduğum üçün. Bəlkə də, klubda hazırda işləyənlərin çoxundan daha məlumatlıyam. İndi orda olanlardan bəziləri də bunu bilmirdi.
- Kamalla Samir Abasovun münaqişəsinə səbəb nə idi?
- Bu hadisə paltardəyişmə otağında olmuşdu. Kamal məşqçinin tənqidindən sonra ona qarşı kobudluq etmişdi. Bu il də Kamal komandada qalmadı. Samirlə yola getməməsi ayrılmaq səbəblərindən idi.
- Əvvəlki müsahibənizdə Maykl Essyendən forma hədiyyəsi gözlədiyinizi demişdiz. Hədiyyənizi ala bilmisiz?
- Yadımdan çıxıb, heç Essyenlə görüşməmişəm. Düzdür, bir neçə dəfə görüşə dəvət edib, ancaq mənim vaxtım olmayıb. Başım seçki kampaniyasına qarışmışdı (gülür). Bu yaxınlarda da hazırda “Zirə”də olan futbolçulardan biri yazmışdı, prezidentliklə bağlı. Və ona burdan demək istəyirəm ki, mən prezident seçilsəm, o futbolçu yüz faiz komandada qalmayacaq. Özü də qalmaqallı futbolçudur. Sevinsin ki, bu gün onun adını çəkmirəm. İstəmirəm karyerasını sonlandırım, pis vəziyyətə qoyum. Amma prezident olsam, o, “Zirə”də qalmayacaq.
- Adını çəkmədiyiniz futbolçunu komandadan göndərmək istəməyinizə səbəb nədir? Sizə bu haqda nəsə yazması?
- Səbəbini mən də bilmirəm, niyə yazdığını soruşmadım, düzü, maraqlı da deyil. Demişdim ki, futbolçular şorgöz olur. Bu da onun bariz nümunəsidir. Sağ olsunlar, sözümü səhv çıxarmırlar. Hər gün bunun şahidi oluram. Bir müddət əvvəl yaraşıqlı futbolçular haqda sorğuda iştirak etmişdim. Ümumiyyətlə, mən futbola aid nə deyirəmsə, rezonans doğurur, hamı dərhal fikir bildirir. Mahir Emrelinin adını çəkmişdim, hətta bir-iki futbolçu məndən inciyib ki, “sizin üçün Mahir yaraşıqlıdır, biz yox” (gülür).
- Bayaqkı futbolçudan əlavə, “Zirə”də prezident olmaq istəyinizlə bağlı klub rəsmilərindən də mesajlar almısızmı?
- Olub, klub rəsmilərindən, məşqçilərdən də. Futbol aləmində tanışım çoxdur deyə, yazanlar çoxdur, hətta dəstəkləyirlər məni.
- Klub rəsmilərindən başqa iş təklifi olubmu?
Təklif yox, dəstək çoxdur mənə. Bu da sevindirici haldır mənim üçün.
- Əvvəlki müsahibənizdə “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağı halda, xüsusi jest edəcəyinizi demişdiz, ancaq bu, baş tutmadı. “Qarabağ” Avroliqanın qrupundan çıxsa, nəsə xüsusi planınız var?
- Dediyim sözün üstündəyəm. Verdiyim sözləri tuturam. “Qarabağ” yox, başqa klub da olsa, nəsə edərdim. Bəli, bu dəfə də “Qarabağ”la bağlı xüsusi planım var.