"Mənim üçün ən qürurverici hadisə isə bu yarışda Azərbaycan millisinin bayraqdarlarından biri olmağımdır"
- 10 Avq 2022 11:28
- 535
V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Azərbaycan komandasının bayrağını stadionda aparan idmançılardan biri də qadın voleybolçulardan ibarət millimizin üzvü Ayşən Abduləzimova idi. "Rekord.az" xəbər verir ki, kapitanımız bu şərəfli vəzifənin icrası ilə bağlı sosial şəbəkə vasitəsilə fikirlərini bölüşüb. Təcrübəli blokçumuzun yazısını təqdim edirik:
"Dünən mənim üçün çox əlamətdar və yaddaqalan bir gün oldu. Avqustun 9-da çıxış etdiyimiz V İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi baş tutdu. Mərasimdən əvvəl isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu yarışda ölkəmizi təmsil edən idmançılarla görüşdü.
Biz hər zaman ölkə rəhbərliyinin idmançılara göstərdiyi diqqət və qayğını hiss etmişik. Bu görüş biz idmançılara bu diqqətin növbəti göstəricisi idi.
Mənim üçün ən qürurverici hadisə isə bu yarışda Azərbaycan millisinin bayraqdarlarından biri olmağımdır. Bu etimadın mənə göstərildiyinə görə təşəkkür edirəm.
Neçə illərdir ki, voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin heyətində çıxış edirəm. Dəfələrlə Avropa, Dünya çempionatlarında və klubların heyətində beynəlxalq yarışlarda iştirak etmişəm. Hər zaman çalışmışam ki, həmin yarışlarda uğurlu çıxış edim və qalib gələrək Azərbaycan bayrağını yüksəklərdə dalğalandırım.
Mən Vətənimi və bayrağımı çox sevirəm. Bir idmançı kimi çalışacağam ki, çıxış etdiyim yarışlarda qələbə qazanaraq üçrəngli bayrağımızı qalib kimi də ucaldım".