“Məqsədim nəticələri sabit saxlamaqdır” – Rəşad Sadıqov
- 29 Avq 2024 22:53
- 148
“Zirə” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Kiprin “Omoniya” klubu ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn Bakı klubunun baş məşqçisi Rəşad Sadıqovun matçdan sonra mətbuat konfransı keçirilib. Sadıqov oyuna hazırlaşmağın asan olmadığını bildirib:
“Ümumən, oyuna hazırlaşmaq asan deyildi. Amma biz maksimum köklənmişdik, 90 dəqiqə sona qədər mübarizə aparaq. Təbii ki, ilk dəqiqələrdən qol vursaydıq, hardasa ümid yarana bilərdi. Düzdür, hələ ki, 0:6-dan sonra geri dönüş edən komanda görməmişəm. Futbolçularım yaxşı çıxış etdilər. İlk hissədən sonra onlara yalnız qələbəyə köklənmələrini tapşırdım. Bundan sonra çempionat oyunlarını hazırlaşıb, Premyer Liqada mübarizəmizi davam etdirəcəyik.
Futbolçularda uyğunlaşma, nizam-intizam artıb. Bura qədər gəlib çıxana kimi ciddi zədələrimiz oldu. İlk oyuna qayıtmış olsaydım, bəlkə də, nələrisə dəyişərdim. Amma bunun özü də bir təcrübədir. Bizim üçün növbəti mərhələ başlayır. Premyer Liqada keçirəcəyimiz 5 matçdan üçü favorit komandalara qarşı olacaq. “Neftçi”, “Qarabağ” və “Sabah”la oyunlar çətin keçəcək.
Bundan sonra məqsədim ilk növbədə nəticələri sabit saxlamaqdır. İmkan daxilində reytinq xalları qazanmaqdır”.
“Omoniya” (Kipr) – “Zirə” duelinin ilk qarşılaşmasında kiprlilər 6:0 hesablı qələbə qazanıb. Ümumi hesabda 1:6 hesabı ilə məğlub olan “qartallar” avrokuboklarda mübarizəni dayandırıb.