Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandaları Tokio-2020 Yay Olimpiya Oyunları üçün lisenziya turnirlərinə hazırlığı davam etdirirlər.

Rekord.az xəbər verir ki, yığmalarımız ötən ilin noyabr ayından başlayan təlim-məşq toplanışının artıq son mərhələsinə start veriblər.

Umberto Orta Dominqesin baş məşqçisi olduğu kişilərdən ibarət komandamız Bakı-Tailand-Bakı hazırlığının ardından məşqləri Türkiyədə davam etdirir. Təcrübəli kubalı mütəxəssis səfərə yollanmazdan öncə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb.

O bildirib ki, 3 həftəlik təlim-məşq toplanışında əsas hədəf milli üzvlərinin rinqdəki səhvlərinin tam aradan qaldırılmasıdır: 

“Hazırlığımız çox yüksək səviyyədədir və boksçularımız yaxşı formadadırlar. Təlim-məşq toplanışımız davam edir. Milliyə gəldiyim vaxtla bu günü müqayisə etsək, komandamızın hər bir üzvünün səviyyəsinin çox yüksəldiyini vurğulaya bilərəm. Fiziki, taktiki və texniki hazırlığımız yarışların startınadək bitməyəcək. Son günədək bütün gücümüzü səfərbər edəcəyik. Hər şey plan üzrə getdiyindən turnirlər zamanı daha yaxşı formada olacağıq. Məşqçilər heyəti birgə boksçularımızın səhvlərini düzəldirik və çatışmazlıqları aradan qaldırırıq”.

Dominqesin sözlərinə görə, lisenziya turnirlərində heyətdə kimlərin yer alacağı hələ bəlli deyil. O qeyd edib ki, bəzi çəkilərdə 2, bəzilərində 3 boksçunu sınaqdan keçirirlər və yekunda onlardan ən güclüsü Olimpiadaya vəsiqə uğrunda mübarizə qoşulacaq: 

“Yığmanın hər bir üzvü ilə bağlı təhlillər aparırıq. Tailandda təlim-məşq toplanışında sınaq döyüşləri keçirdik və özümüz üçün qiymətləndirmə etdik. Hər boksçu artıq öz gücünü və nəyin üzərində işləmək lazım olduğunu bilir. Bəzi çəkilərdə 2 eyni gücdə boksçular da var. Amma bəzilərində kimin kimdən güclü olduğu bilinir. Buna baxmayaq, Londonda olacaq ilk lisenziya turnirinə hələ 1 ay vaxtımız qalıb. Ona görə də son məşqlər çox şeyə aydınlıq gətirəcək”.

Kubalı mütəxəssis bir daha xatırladıb ki, əsas hədəf Tokio-2020-yə 6 lisenziya əldə etməkdir: 

“Biz komandanın hər bir üzvünün Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanmasına çalışırıq. İşin çətinliyini də bilirik. Olimpiadaya 6 lisenziya qazansaq, çox məmnun olacağıq. Məqsədimiz 8 vəsiqədir. Amma bilirik ki, bu, elə də asan olmayacaq”.

Yığmanın baş məşqçisi Türkiyə toplanışında əsasən taktika və texnika üzərində işləyəcəklərini də sözlərinə əlavə edib: 

“Sınaq döyüşlərini Tailandda keçirib, özümüz üçün qiymətləndirmə çıxardığımızdan Türkiyədə yoxlama görüşləri planlaşdırmırıq. Çünki yarış öncəsi intensiv məşqlər keçəcəyik. Əgər lazım biləcəyiksə, türklərlə yoxlama döyüşləri ola bilər”.

O qeyd edib ki, martın 1-dək davam edəcək hazırlıqda lisenziya turnirləri üçün təxmini heyəti müəyyənləşdirəcək. Amma “səkkizlik” Bakıya qayıtdıqdan sonra dəqiqləşəcək.

Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev də komandamızın yaxşı formada olduğunu deyib. O bildirib ki, Tailanddan sonra Bakıda növbəti təlim-məşq toplanışını yüksək səviyyədə başa vurublar:

“Fiziki, taktiki və texniki hazırlıqlar keçdik. Komandamız gündə 2 dəfə məşq edirdi. Hər gün səhər qaçır, xüsusi fiziki hərəkətlərə fikir verirdik. Axşam hazırlığında taktiki və texniki məşqlərə diqqət ayırırdıq”.

Təcrübəli mütəxəssis Türkiyə toplanışının millimiz üçün faydalı olacağına inam ifadə edib:

“Orada yerli yığma və Bolqarıstan millisi ilə birgə hazırlıq keçəcəyik. Bu mərhələ sonuncu olacaq. Türkiyədə əsasən baş məşqçimizin də dediyi kimi, texniki və taktiki hazırlığa fikir verəcəyik. Bütün idmançılar tərəfimizdən xüsusi nəzarətdədir. Səhvlərini analiz edib başa salırıq, ayaqda işləmələrinə diqqət yetiririk. Bəzilərində ayaqlar yorulurdu, ondan sonra rinqdə lazımi səviyyədə işləyə bilmirdilər. Artıq bu problemi aradan qaldırmışıq. İnanırıq ki, bu da müdafiədə etibarlığı təmin edəcək”.

Abdullayev Kastamonuda boksçularımızın ideal forma yığacağını və Bakıya yüksək formada dönəcəklərinə inandığını da vurğulayıb.

Qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elbrus Rzayev də komandasından uğur gözlədiyini deyib. Onun sözlərinə görə, Azərbaycan Boks Federasiyası yığma üzvləri üçün lazım olan bütün şəraiti yaradıb:

“Biz kişi boksçulardan fərqli, bir aydır təlim-məşq toplanışındayıq. Abşeron Olimpiya İdman Kompleksində hazırlıq keçirik. Hər şey yüksək səviyyədədir. Boksçularımız yaxşı formadadır. Komandada ruh yüksəkliyi, özünəinam çox əladır. Çalışırıq ki, Londonda keçiriləcək lisenziya turnirinə kimi tam hazır olub, lazımi vəsiqələri qazanaq. Əsas məqsədimiz ümidləri doğrultmaqdır”.

Təcrübəli mütəxəssis komandada yer alan legionerlərlə bağlı məsələlərə də aydınlıq gətirib. O bildirib ki, lisenziya turnirlərində ölkəmizi ən güclülər təmsil edəcəklər:

“Yarışlar üçün heç kim yerini təmin etməyib. Legionerlərin bizə qoşulması heç də onların lisenziya turnirlərində iştirakına zəmanət vermir. Hər biri sınaq müddətindədir. Əgər öz çəkilərində güclü olacaqlarsa, onlara güvənə bilərik. Bir sözlə, bütün qərarlar məşq prosesinin yekununda veriləcək. 5 çəkidə mübarizəyə qoşulmağı planlaşdırırıq. Hansı boksçu güclü olacaqsa, o da Olimpiada üçün vəsiqə uğrunda komandada yer alacaq”.

Rzayev hazırlıq üçün ölkə xaricinə çıxacaqlarını da deyib. Onun sözlərinə görə, birgə təlim-məşq toplanışı keçməyi planlaşdırırlar.

Qeyd edək ki, martın 13-23-də Londonda Avropa Olimpiya Təsnifat Turniri, mayın 13-24-də Parisdə Dünya Olimpiya Təsnifat Turniri keçiriləcək.