“Sumqayıt”ın basketbolçusu İsmayıl Əliyev klubun mətbuat xidmətinə açıqlama verib.


Rekord.az xəbər verir ki, o, “Sərhədçi” ilə pley-in mərhələsindəki oyunlar ərəfəsində komandamızın şanslarından danışıb:


"Ötən mövsümlə müqayisədə bu il çox yaxşı çıxış edirik. Fikrimcə, növbəti mövsüm daha xoş təsir bağışlayacağıq. Hamımız üzərimizə düşən vəzifəni yerinə yetiririk. Məncə, pley-ində də belə uğurlu çıxış edəcəyik. Bir vaxtlar “Sərhədçi”nin üzvü olmuşam. Onlar çox yaxşı komandadır. Rəqibi qətiyyən zəif adlandırmaq olmaz. Pley-ində bizi çətin oyun gözləyir. “Sərhədçi”ni mübarizədən kənarlaşdırmaq üçün vahid komanda olmalıyıq. Ən əsası müdafiədə etibarlı oynamalıyıq. Mümkün qədər onların məhsuldarlığını aşağı salmalıyıq. Məqsəd pley-offa vəsiqə qazanmaqdır”.


Əliyev klubun azarkeşlərinə də çağırış edib:


“Cümə günü azarkeşlərimizi Sumqayıt Olimpiya İdman Kompleksində gözləyirik. Onlar mövsüm boyunca bizə dəstək verdilər. İstərdim ki, pley-in mərhələsində də yanımızda olsunlar. Azarkeşlərimizin dəstəyi ilə “Sərhədçi”ni məğlub etmək istəyirik”.