Məşqçi-müəllimlər üçün seminar davam edir
- 15 Mar 2022 10:45
- 588
Ölkəmizdə 8-10 yaşlı uşaqlar arasında voleybol idman növünün inkişaf etdirilməsi məqsədi ilə məşqçi-müəllimlər üçün seminarlar davam edir. "Rekord.az" xəbər verir ki, seminar Azərbaycan Voleybol Federasiyasının Regional İnkişaf Mərkəzi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Fevralın 5-də Bakıda start götürən seminar bu dəfə bölgələrimizdə davam etdirilib. Martın 12-də Şəki şəhər 10 nömrəli orta məktəbdə təşkil olunan dərslərdə Şəki, Balakən, Oğuz və digər rayonlardan ümumilikdə 12 orta məktəb müəllimi iştirak ediblər.
AVF-nin Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova, 4 nömrəli Olimpiya Ehtiyatları məktəbinin dərs hissə müdiri Çingiz Səmədov iştirakçılara uğurlar arzulayıblar.
Daha sonra məşqçi-seleksioner Tatyana Korjova uşaqların voleybola cəlb olunması və az yaşlıların ilkin məşq prosesi haqqında məlumat verib. Seminarın əsas praktik hissəsi isə zalda davam edib. Respublika dərəcəli hakimlər Murad Abdurahmanzadə və Rəcəb Vahabov müxtəlif yaş qruplarında olan uşaqlar üçün təşkil olunan məşq prosesini nümayiş etdiriblər. Burada həm texniki qaydalar, həm də fiziki hazırlıqlarla bağlı hərəkətlər göstərilib.
Sonda uşaqlara fəxri diplomlar, iştirakçı məşqçi-müəllimlərə isə sertifikatlar və toplar təqdim edilib.