Məşqçilərin Ümumrespublika seminarı davam edir
- 08 Noy 2024 20:54
- 199
Güləş məşqçilərinin Ümumrespublika seminarı davam edir.
Rekord.az xəbər verir ki, seminarın növbəti mərhələsi Şirvan şəhərində keçirilib.
Adı çəkilən şəhərlə yanaşı, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının güləş üzrə məşqçi-müəllimlərinin iştirak etdiyi tədbirin nəzəri hissəsi Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin akt zalında keçirilib. İdarənin idman şöbəsinin müdiri Rövşən Mehrəliyev qonaqları salamlayıb, Azərbaycan Güləş Federasiyasına (AGF) bu seminarın təşkilinə görə təşəkkürünü bildirib və bu seminarın bölgə məşqçilərinin inkişafına böyük töhfə verəcəyini deyib. AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov və Hakimlər Kollegiyasının sədri Qərib Əliyev federasiya tərəfindən görülmüş işlərdən və qarşıdakı planlardan danışıb. Yeniyetmə və gənc qızlardan ibarət millinin böyük məşqçisi Rövşən Umudov və yunan-Roma güləşi üzrə U-20 milli komandanın məşqçisi Zöhrab Abbasov yerli məşqçilərlə təcrübələrini bölüşərək, tövsiyələrini çatdırıblar. I-S kateqoriyalı hakim Sədi Quliyev müxtəlif yarışlarda keçirilmiş görüşlərdə mübahisə doğuran epizodları şərh edib. Öz növbəsində yerli mütəxəssislər bölgənin mövcud problemlərini və təkliflərini diqqətə çatdırıblar.
Seminarın praktiki hissəsi Şirvan Olimpiya İdman Kompleksində keçirilib. Burada Sədi Quliyev xalçada bir neçə məqamı hakim gözüylə izah edib. Rövşən Umudov sərbəst, Zöhrab Abbasov isə yunan-Roma güləşçilərinə nümunəvi məşq keçib.
Növbəti belə seminar noyabrın 14-də Qubada keçiriləcək.