Messi, yoxsa Ronaldo sualının daha bir cavabı...
- 11 Dek 2022 14:05
- 2188
Türk dünyasının böyüş şəxsiyyəti Mustafa Kamal Atatürk deyərdi ki, mən idmançının çevik və əxlaqlısını sevirəm. Üzərindən illər keçib, amma çox tez-tez bu kəlamlardakı hikmətin nə dərəcədə qiymətli olduğunu görürük. Azərbaycanda neçə-neçə idmançının yolu həbsxana divarları arasından keçib. Ən istedadlılar, dünya və Avropa miqyaslı yarışlarda mükafatlar qazananlar sonralar müxtəlif kriminal qruplaşmalara qoşulub, qollarının gücündən başqa məqsədlər üçün istifadə ediblər. Sonrası da ya ölümlə yekunlaşıb, ya da ki, uzunmüddətli həbslə.
Kikboks üzrə dünya çempionu Zaur Yusifov təxminən 6 ay bundan əvvəl yaşadığı evin yaxınlığında öldürüldü. Onun adı “Emin 444” ləqəbli Emin Səfərovun qətli ilə bağlı hadisədə keçirdi. Məhkəmənin bəraət verdiyi Yusifovu Eminin qohumları bağışlamadı və qisas istəyi güllələnmə ilə yekunlaşdı. Afina Olimpiadasının bürünc mükafatçısı Vüqar Ələkbərovun da yolu məhkəmə salonlarından, həbsxanadan keçib. Özü də “külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə” maddəsi ilə. Bir neçə gün bundan əvvəl Şağan Olimpiya Kompleksində yeniyetmə cüdoçu qətlə yetirildi. Yeniyetmə idmançı Turan Rüstəmovu bıçaqla qətlə yetirən özü də cüdoçu idi, həm də ki, məşhur məşqçinin oğlu. Özündən yaşça kiçik Turanı bıçaqla vuran Ruslan əməkdar məşqçi Elçin Səfixanovun oğlu imiş.
Təəssüflər olsun ki, belə nümunələr xeyli çoxdu. İdmançılar əxlaqı, davranışları ilə başqalarına nümunə olmaqdan Allahın verdiyi gücü, istedadı xoş olmayan məqsədlər üçün istifadə edirlər. Halbuki, onlar üzdə olan şəxslər kimi yeniyetmə və gənclərə nümunə olmalı, idmançıların təkcə sağlam bədənə yox, həm də sağlam ruha sahib olduqlarını göstərməklə idmanın təbliğatını aparmalıdılar. Bununla da cəmiyyətdə idmançılara qorxu yox, sevgi hissi yaradılmalı, valideynlərin övladlarını idmana istiqamətləndirilməsinə dəstək göstərilməlidi.
Müşahidələr göstərir ki, bu xoşagəlməz proses təkcə Azərbaycanda deyil, bütün dünyada gedir. Minlərlə cocuq kürəyinə Messinin adı yazılmış forma geyinir, ona oxşamağa, onu yamsılamağa çalışır. Bəs argentinalı futbolçu neynəyir? O və komanda yoldaşları əllərini qulağının dibinə qoyaraq, özlərini hansısa heyvana bənzətməyə, bununla da penaltilər seriyasında qalib gəldikləri Niderlandın futbolçularına acıq verməyə çalışırlar. Başa düşmürlər, yaxud da başa düşmək istəmirlər ki, bununla özlərini dünyaya biabır edirlər. Biz görmüşük ki, qalib gələn tərəf rəqibinə dəstək olar, ona təskinlik verər. Çünki bir yarışla həyat bitmir. Bu gün sən qalib gəlirsən, sabah isə başqa biri. Məğlubiyyətdən “sığortalanmaq” xoşbəxtliyi hələ heç bir idmançıya nəsib olmayıb. O zaman nədir bu aqressiyanın səbəbi? Meydandakılar azmış kimi, Messi oyundan sonra onun əlini sıxmaq istəyən Vut Veqhorstda qarşı da kobudluq edib, onu acılayıb. Messini özünə kumir seçən azyaşlılar ondan insani keyfiyyətlər öyrənəcəklər, yoxsa rəqibini təhqir etməyi?
Dünən axşam Portuqaliya millisi Mərakeşə məğlub oldu, Ronaldo meydanı tərk edərkən göz yaşlarına boğuldu. Onu sevən də, sevməyən də həmin an təəssüfləni, qəlbinin dərinliklərində portuqaliyalı futbolçuya rəğbət göstərdi. Çünki biz hamımız idmançının təkcə istedadlı və güclü olanını yox, həm də əxlaqlısını sevirik. Kaş ki, bütün idmançılar belə olsun!