Qadın voleybolçular arasında keçirilən Millələr Liqasının final mərhələsinin baş tutacağı məkan bəlli olub. "Rekord.az" xəbər verir ki, Türkiyə yarışın həlledici qarşılaşmalarına ev sahibliyi edəcək.

Türkiyə Voleybol Federasiyasının yaydığı məlumata görə, ölkədə ilk dəfə təşkil ediləcək bu mötəbər yarış "Ankara Spor Salonu"nda keçiriləcək. Turnirin final mərhələsində ən yaxşı 8 yığma komanda çempionluq uğrunda mübarizə aparacaq.

Buna qədər isə yarış iştirakçıları 3 etapdan ibarət qrup mərhələsində çıxış edəcəklər. Ümumilikdə 8 ən yaxşı nəticə göstərmiş komanda Ankara getmək hüququ qazanacaq. Həlledici mərhələyə 13-14 iyul tarixlərində baş tutacaq 1/4 final oyunları ilə start veriləcək. İki gün sonra yarım final qarşılaşmaları keçiriləcək. Millətlə Liqasının qalibi adına isə iyulun 17-də aydınlıq gələcək. Həmin gün üçüncülük və çempionuq uğrunda görüşlər təşkil olunacaq.

Qeyd edək ki, hazırda Millətlər Liqası adı ilə keçirilən yarış 2017-ci ilədək "Grand Prix" olaraq təşkil olunub. Yarışda ümumilikdə 16 komanda hərəsində 8 kollektiv olmaqla 2 qrupda iştirak edəcək. 3 həftə davam edəcək mübarizədən sonra turnir cədvəlində ilk səkkiz pillədə qərarlaşacaq kollektiv Ankaranın ev sahibi olduğu final mərhələsinə adlayacaq.