Milli komandalarımızın Avropa Liqasındakı rəqibləri bəlli oldu
- 19 Noy 2024 14:41
- 162
Azərbaycanın qadınlardan və kişilərdən ibarət yığma komandaları 2025-ci il Avropa Liqasında çıxış edəcəklər. "Rekord.az" xəbər verir ki, komandalarımızın rəqibləri də artıq bəllidir.
Avropa Voleybol Konfederasiyasının yarışla bağlı müəyyənləşdirdiyi qaydalara uyğun olaraq iştirakçılar reytinqə əsasən liqalara bölünüb. Yüksək reytinqə malik komandalar Qızıl Avropa Liqasında, nisbətən aşağı reytinqli millilər isə Gümüş Avropa Liqasında mübarizə aparacaqlar.
Reytinq cədvəlində 19-cu olan qadınlardan ibarət milli komandamız Qızıl Avropa Liqasında, 37-ci yerdə olan kişilərdən ibarət yığmamız isə Gümüş Avropa Liqasında çıxış edəcək. Hər iki yarış 30 may-6 iyul 2025-ci il tarixlərində keçiriləcək. Qadınların yarışında 12 ölkənin milli komandası, kişilərin mübarizəsində isə 8 ölkənin milli komandası mübarizə aparacaq. Reqlamentə əsasən Gümüş Avropa Liqasında bir turnir cədvəli olacaq və ilk 2 yeri tutan komandalar finala vəsiqə qazanacaqlar. Final oyunları ev-səfər sistemi ilə keçiriləcək. Qızıl Liqada da bir turnir cədvəli olacaq. Gümüş Liqadan fərqli olaraq burada ilk 4 yeri tutan yığmalar dördlər finalına yüksələcəklər.
Avropa Liqasında yığma komandalarımızın rəqibləri:
Qadınlar: Azərbaycan, Macarıstan, Sloveniya, Slovakiya, Montoneqro, Rumıniya, Xorvatiya.
Kişilər: Azərbaycan, Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya, Farer adaları.