Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində boccia idman növü üzrə milli komandanın üzvləri ilə görüş keçirilib.

Rekord.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov boccia idman növü üzrə milli komandanın üzvlərini Xorvatiyanın Zaqreb şəhərində keçirilmiş “İntercontinental Challenger” çempionatında uğurlu çıxışları münasibətilə təbrik edib.

O, bildirib ki, yarışın çox çətin mübarizə şəraitində keçməyinə baxmayaraq, idmançılar qarşılarına qoyulan vəzifənin öhdəsindən layiqincə gəliblər, Azərbaycan bayrağını zirvələrə ucaldaraq himnimizi səsləndiriblər. İlqar Rəhimov görüşün sonunda idmançılara qarşıdan gələn yarışda uğurlar arzulayaraq bildirib ki, məqsəd boccia millimizin Paris-2024 Yay Paralimpiya Oyunlarında ilk dəfə olaraq iştirak etməsidir.

Boccia İdman Federasiyasının baş katibi, milli komandanın baş məşqçisi İlham Məhərrəmov və komanda üvzləri çıxış edərək bildiriblər ki, qarşıda qoyulan məqsədlərə çatmaq üçün bundan sonra da intensiv şəkildə məşqlərə davam edəcəklər.

Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov, idman şöbəsinin müdiri Rauf Mürsəlov və Komitənin boccia idman növü üzrə kuratoru Kamran Əliyev iştirak ediblər.

Qeyd edək ki, Xorvatiyanın Zaqreb şəhərində keçirilmiş “İntercontinental Challenger” çempionatında boccia idman növü üzrə milli komandanın üzvləri Bəhruz Mirzəyev və Sona Ağayeva qızıl, Orxan Kərimov isə yarışın bürünc medalını qazanıb.