Millimiz ardıcıl üçüncü qələbə ilə adını yarımfinala yazdırdı
- 12 Avq 2022 15:50
- 791
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi İslamiadada növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, B qrupunda yer alan komandamızın rəqibi Kamerun kollektivi olub.
Dünya reytinqində Kamerun yığmamızdan irəlidə olsa da qarşılaşmanın favoriti Azərbaycan hesab olunurdu. Gərgin keçəcəyi gözlənilən görüş Kamerun üçün yaxşı başlayıb. Kifayət qədər gərgin keçən ilk setdə rəqib 31:29 hesabı ilə üstün olub. Lakin bundan sonra təşəbbüsü tam ələ alan komandamız növbəti iki setdə afrikalı voleybolçulara heç bir şans verməyib. Sonuncu hissədə daha yaxşı oynayan kamerunlular ilk setdəki nəticələrinə təkrarlamağa çalışsalar da qızlarımız buna imkan verməyiblər. 4 hissə davam edən qrupun son qarşılaşmasında Azərbaycan 3:1 hesabı ilə qələbə qazanıb.
Bundan əvvəlki oyunlarda yığmamız müvafiq olaraq Seneqalı və Əfqanıstanı 3:0 (25:7, 25:6, 25:10 və 25:4, 25:11, 25:4) hesabıyla məğlub edib.
Beləliklə, millimiz qrupda keçirdiyi hər üç oyunda qələbə qazanmaqla lider kimi yarım finala yüksəlib. Növbəti mərhələdə komandamızın rəqibi digər qrupun ikincisi olacaq. Həmin kollektivini adına isə bu gün baş tutacaq Türkiyə-İran görüşündən sonra aydınlıq gələcək. Bu matçın favoriti isə Türkiyə hesab olunur.
Qeyd edək ki, yarımfinal oyunları avqustun 14, final və bürünc medal uğrunda qarşılaşmalar isə ayın 15-də keçiriləcək.
İslamiada
12 avqust
B qrupu
Kamerun - Azərbaycan 1:3 (31:29, 12:25, 8:25, 26:28)