Millimiz İslamiada öncəsi Bakıda son məşqinə çıxıb
- 04 Avq 2022 19:45
- 541
İslam Həmrəyliyi Oyunlarında və AVRO-2023-ün təsnifat mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi may ayından start verdiyi təlim-məşq toplanışını başa vurub. "Rekord.az" xəbər verir ki, yığmamız bu gün Bakıda Voleybol Mərkəzində son məşqinə çıxıb.
Komandanın məşqini Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayev, vitse-prezident Əbülfəz Hüseynov və AVF-nin baş katibi Fərid Xəlilov izləyiblər. Ardınca federasiya rəsmiləri millimizin oyunçuları və məşqçi heyəti ilə görüşüb.
Federasiya prezidentinin salamlarını çatdıran Faiq Qarayev komandamıza qarşıdakı yarışlarda uğurlar arzulayıb. O bildirib ki, bu gün İslamiadada və AVRO-2023-ün təsnifat oyunlarında yığmamızın qələbə qazanmaq üçün böyük şansları var. Bunun üçün meydanda əzimkar oyun vacibdir.
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək qadın voleybolçularımız avqustun 5-də Konyaya yola düşəcək.