Mayın 21-də 22 yaşadək oğlan voleybolçular arasında AVRO-2022-nin II təsnifat mərhələsində E qrupunun  növbəti oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, Kosovonın ev sahibliyi etdiyi seçmə mərhələnin ikinci günü millimiz Niderland yığması ilə üz-üzə gəlib.

Priştinada “Gənclər və İdman Sarayı”nda baş tutan matçda qalib 4 hissədə müəyyən olunub. Görüş komandamızın 25:21 hesablı üstünlüyü ilə başlasa da, sonrakı setlər narıncıların qələbəsi ilə başa çatıb (25:23, 25:18, 25:21). Beləliklə, Niderland millisi 3:1 hesabı ilə matçdan qalib  ayrılıb.

 E qrupunda günün digər matçı isə Kosovo və Slovakiya milliləri arasında olub. Ev sahibinə 3:0 (25:8, 25:13, 25:13) hesabı ilə qalib gələn slovaklar  3 xalı aktivinə yazdırıb.

Millimiz sabah qrupda son matçına çıxacaq. Eldar Əliyevin rəhbərlik etdiyi yığma Bakı vaxtı ilə saat 21:00-da Slovakiya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi iyul ayında Polşada keçiriləcək AVRO-2022-nin final mərhələsinə vəsiqə qazanacaq.

U-22, Avropa çempionatı II təsnifat mərhələsi
E qrupu: Turnir cədvəli

1. Niderland- 6 xal, (set 6-1), (171-150)
2. Azərbaycan  -3 xal, (set 4-3), (162-144)
3. Slovakiya - 3 xal, (set 3-3), (138-109)
4. Kosovo - 0 xal, (set 0-6), (82-150)