Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində sonuncu oyununu keçirib. "Rekord.az" xəbər verir ki, F qrupunda yer alan yığmamız Monteneqroda keçirilən II dövrənin son matçında Gürcüstan yığması ilə qarşılaşıb. 

VI tur çərçivəsində baş tutan görüş millimizin üstünlüyü ilə başlayıb. İlk hissədən üstünlüyü ələ alan komandamız hər üç setdə qalib gələrək Avropa çempionatının təsnifat mərhələsində son çıxışını qələbə ilə başa vurub. 

Bu qələbə millimizə 3 xal qazandırsa da, turnir cədvəlində dəyişikliyə səbəb olmayıb. Belə ki, voleybolçularımız Avropa çempionatının final mərhələsinə yüksəlmək şansını bu oyundan əvvəl itiriblər. 

Beləliklə, 6 görüşdən sonra 6 xal toplayan komandamız qrupu 3-cü pillədə bitirib. Keçirdiyi bütün oyunları xalsız başa vuran gürcülərin sonuncu olacağı da dəqiqləşib.

Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Onlardan 12-si - 7 qrup birincisi və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AVRO-2021-ə vəsiqə qazanacaq.

AVRO-2021-in təsnifat mərhələsi
F qrupu
II dövrə
VI tur, 16 may

   Azərbaycan - Gürcüstan 3:0 (25:13, 25:17, 25:17)