Millimizin Avropa çempionatındakı oyunları təxirə salındı
- 06 Dek 2020 13:35
- 782
Kişi voleybolçular arasında 2021-ci ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyunları təxirə salınıb. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin də qatılacağı yarışın planlaşdırılan vaxtda baş tutmamasına səbəb koronavirus pandemiyasıdır.
Hazırda dünyada tüğyan edən infeksiyaya görə Avropa Voleybol Konfederasiyası (CEV) bir çox iclaslarını və görüşlərini videokonfrans şəklində təşkil edib. Qurum 2021-ci ilin yanvar ayında keçirilməsi nəzərdə tutulan AVRO-2021-in təsnifat oyunları ilə bağlı bir necə videokonfrans keçirdikdən sonra qərarını açıqlayıb. Bütün təklifləri nəzərə alan CEV bəzi komandaların gələn ilin yanvarında, bəzilərinin may ayında qarşılaşmasına icazə verib.
Qərara əsasən F qrupunda Monteneqro, Gürcüstan və Yunanıstanla qarşılaşmalı olan Azərbaycan millisinin matçları da 2021-ci ilin yanvarından may ayına keçirilib. Qarşılaşmalar həmin ayın 2-16-sı tarixində təşkil olmalıdır. Əvvəlki kimi yenə dövrələrə Monteneqro və Gürcüstan ev sahibliyi edəcək.
Qeyd edək ki, seçmə mərhələnin 7 qrupunun qalibi və ikinci yer sahiblərindən 5 ən yaxşı nəticəyə malik yığma final mərhələsinə vəsiqə qazanacaq. Yarışın ev sahibləri Polşa, Estoniya, Finlandiya və Çexiya həlledici raunda birbaşa yüksəlib. Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya və Belçika isə AVRO-2019-un nəticələrinə əsasən seçmə oyunlarından azaddır.