Millimizin Avropa Liqasındakı rəqibləri bəlli oldu
- 18 Dek 2020 23:15
- 888
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasında mübarizə aparacaq. Yığmamızın 12 ölkənin (Azərbaycan, Fransa, Rumıniya, İspaniya, Bolqarıstan, Ukrayna, Slovakiya, Finlandiya, Xorvatiya, Belarus, Macarıstan, Çexiya) iştirak edəcəyi yarışda artıq rəqibləri dəqiqləşib. Komandamız püşkün nəticəsinə əsasən İspaniya, Rumıniya və Fransa milliləri ilə A qrupunda qüvvəsini sınayacaq. Reqlamentə görə 3 qrupda 4 komanda 2 dövrə oynayacaq. 6 turun nəticəsinə əsasən qrup qalibləri “Dördlər finalı”na yüksələcək. Bu dövrələr 2021-ci il mayın 28-30-da və iyunun 4-6-da olacaq. Həlledici mərhələ isə iyunun 18-20-də Bolqarıstanda baş tutacaq. Əgər ev sahibi birinci yerin sahibi kimi mərhələ adlayarsa, ən yaxşı ikinci pillənin sahibi onlara qoşulacaq. Qızıl Avropa Liqasının finalçıları gələn il keçiriləcək FİVB Çelenc Kubokundan iştirak hüququna yiyələnəcək. Qeyd edək ki, qrupumuzun oyunları Rumıniya və Fransada olacaq.