Millimizin baş məşqçi postuna namizəd: “Ev dustağı oldum”
- 14 Mar 2020 14:30
- 649
“Evdə qalın. Hamımız bu oyunu birlikdə oynasaq, belə bir vəziyyətdən çıxmaq şansımız var".
Rekord.az xəbər verir ki, bunu Azərbaycan millisinin sükanı arxasına keçməyə əsas namizədlərdən biri olan italiyalı baş məşqçi Canni De Byazi "abcnews.al" saytına açıqlamasında deyib.
"Skype" vasitəsi ilə canlı yayıma qoşulan 64 yaşlı mütəxəssis koronavirus pandemiyası ilə bağlı danışıb. De Byazi bu xəstəliyə qalib gəlməyin asan olmadığını vurğulayıb: "Liverpul"un baş məşqçisi Yurgen Kloppun fikirlərini oxudum, əla idi. Bu şəraitdə futbol oynamaq olmaz. Əlbəttə, hiyləgərlik edə bilmirik. Çox güclü komanda olmalıyıq. Futbolçunu digər şəxslərdən ayırmamalı və bu virusa qarşı mübarizə aparmaq üçün hamımız birlikdə olmalıyıq".
Hazırda Venesiyadakı evində yaşayan təcrübəli baş məşqçi koronavirusa görə bütün tədbirləri gördüyünü və çölə çıxmamağa çalışdığını bildirib: "Həyatımda heç vaxt belə vəziyyətə düşəcəyimi düşünməmişdim. Ev dustağı oldum. Əlbəttə ki, çox çətin bir vəziyyətdir. Ancaq buna uyğunlaşmaq lazımdır. Virusa yoluxmamaq üçün mümkün qədər təmasdan çəkinməliyik. Məcburi olan işlər görüləcək, amma əsas olan evdə qalmaqdır. Çətin olacaq, amma bunu etməliyik".
Qeyd edək ki, Canni De Byazinin sonuncu iş yeri İspaniya "Alaves"i olub. O, 2011 - 2017-ci illərdə Albaniya yığmasına başçılıq edib. De Byazinin rəhbərliyi altında bu komanda tarixində ilk dəfə 2016-cı il Avropa çempionatına vəsiqə qazanıb. (report)